Mingəçevir Dövlət Universitetində yeni müdafiə edən əməkdaşlarla görüş keçirilib

Mingəçevir Dövlət Universitetində yeni müdafiə edən əməkdaşlarla görüş keçirilib

 

2021-ci ilin 30 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işlərini uğurla müdafiə edən universitetin iki əməkdaşı – Üzeyir ZeynalovAyna Babazadə ilə görüşüb.

Cari ilin dekabr ayında müxtəlif elm sahələri üzrə universitetin iki əməkdaşının fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülməsini yüksək qiymətləndirən Ş.Bayramov bu münasibətlə onları təbrik edib və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Son dövrdə MDU-da elmi dərəcəsi və elmi adı olan əməkdaşların sayının artmasından məmnunluğunu bildirən rektor bu müsbət tendensiyanın universitetin elmi potensialının güclənməsi baxımından önəmindən bəhs edib.

Hər iki əməkdaşın universitetdə elmi fəaliyyətin inkişafına töhfə verəcəyinə əmin olduğunu bildirən Ş.Bayramov onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.

Gənc əməkdaşların hərtərəfli inkişafına və elmi karyera yüksəlişinə göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkür edən görüş iştirakçıları MDU-nun müasirləşməsi, elmi və akademik potensialının inkişafı ilə bağlı üzərilərinə düşən vəzifələri layiqli şəkildə yerinə yetirəcəklərinə əminliklərini ifadə ediblər.

Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da gənc əməkdaşların yüksəkixtisaslı elmi kadr kimi yetişmələri üçün müvafiq imkanların yaradılmasına xüsusi önəm verilir.

 

{phocagallery view=category|categoryid=830|limitstart=0|limitcount=0}