MDU-da “Ətraf mühitə təsirin qiymətləndirilməsi” modul təlimlərə start verilib

2024-cü il aprelin 19-da Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” modul təlimlərinə “İqlim dəyişmələri və onunla mübarizə” mövzusu ilə start verilib. Universitetin ikinci tədris binasında keçirilən təlimdə MDU-nun bir qrup əməkdaşı, tələbə və magistrantları iştirak edib.

MDU-nun Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova iştirakçılara modul təlimlər barədə geniş məlumat verib. Bildirib ki, həyatımızı dəyişdirən ən ciddi məsələlərdən biri olan qlobal iqlim dəyişmələri ilə mübarizə üsullarına dəstək olmaq məqsədilə kafedranın müəllimləri bir çox təşəbbüslər irəli sürürlər. Onlar bu sahədə müəyyən tədqiqatlar aparır, layihələrdə fəal iştirak edir, həmçinin tələbə gənclərin bu istiqamətdə fəallığını artırmağa çalışırlar. Kafedra müdiri qeyd edib ki, 5 moduldan ibarət olacaq təlimlərdə iştirakçılar MDU müəllimləri ilə yanaşı Mingəçevir şəhər İstilik Elektrik Stansiyasının və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən müxtəlif qlobal əhəmiyyətli ekoloji mövzularda məlumatlandırılacaq. Modul təlimlərin sonunda müvafiq imtahandan uğurla keçən tələbələr sertifikatla təltif olunacaqlar.

“İqlim dəyişmələri və onunla mübarizə üsulları” mövzusunda olan birinci modul təlimdə Fizika və ekologiya kafedrasının müəllimi Aytac Cavadova dünyanı narahat edən qlobal problemlərdən biri olan İqlim dəyişmələri ilə bağlı maraqlı təqdimatla çıxış edib.

İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdə olmasına diqqət çəkərək iqlim dəyişmələrinin təsirinin azaldılması tədbirlərindən bəhs edib.

Aktiv müzakirələrlə davam edən təlimin sonunda tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, MDU-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində müxtəlif tədbirlər keçirilir.