Mingəçevir Dövlət Universiteti ilə Malaziyanın BINUS Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

2026-cı ilin 22 may tarixində Mingəçevir Dövlət Universiteti ilə Malaziyanın BINUS Universiteti arasında akademik əməkdaşlığın inkişafına yönəlmiş Əməkdaşlıq Memorandumu imzalanıb.

Memorandum MDU-nun beynəlxalqlaşma strategiyası çərçivəsində ali təhsil, elmi-tədqiqat, innovasiya və müasir universitet idarəetmə modellərinin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Sənədin imzalanması MDU-nun Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsinin müdiri Samirə Əhmədovanın Malayziyaya işgüzar səfəri çərçivəsində həyata keçirilib. Səfər zamanı o, BINUS Universitetində olub, universitetin kampus infrastrukturu, maddi-texniki bazası, rəqəmsal tədris mühiti, laboratoriyaları və innovasiya yönümlü ekosistemi ilə yaxından tanış olub.

Görüşlər zamanı tərəflər arasında tələbə və akademik heyət mübadiləsi, birgə elmi-tədqiqat layihələri, innovasiya və startap təşəbbüsləri, rəqəmsal transformasiya, təcrübə mübadiləsi və institusional inkişaf istiqamətlərində əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd olunub ki, müasir ali təhsil mühitində universitetlər arasında qurulan tərəfdaşlıqlar bilik mübadiləsi ilə yanaşı, innovativ düşüncə, dayanıqlı inkişaf yanaşmaları və rəqəmsal bacarıqların gücləndirilməsi baxımından mühüm rol oynayır. Bu yanaşma universitetlərin qlobal akademik məkanla inteqrasiyasına və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına töhfə verir.

MDU ilə BINUS Universiteti arasında imzalanan memorandum gələcək mərhələdə ortaq layihələr, akademik mobillik proqramları, elmi-tədqiqat əməkdaşlığı və innovasiya yönümlü təşəbbüslər üçün yeni imkanlar yaradır.

Bu əməkdaşlıq Mingəçevir Dövlət Universitetinin beynəlxalq akademik şəbəkəsinin genişləndirilməsi, innovasiya əsaslı təhsil modelinin gücləndirilməsi və dayanıqlı universitet inkişafı prinsiplərinin təşviqi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.