MDU-da “Elm günü” münasibətilə Pedaqoji fakültədə TEC-in VI elmi konfransı keçirilib

MDU-da “Elm günü” münasibətilə Pedaqoji fakültədə

TEC-in VI elmi konfransı keçirilib

Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsinin Tələbə Elmi Cəmiyyətində “Elm günü”nə həsr olunmuş VI elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə fakültə dekanı Nizami Zeynalov açıb. Qeyd edib ki, təhsil sahəsində elmi tədqiqatların və innovasiya siyasətinin səmərəsinin artırılması, ölkəni texnoloji cəhətdən modernləşdirməsi, insanın bu və ya digər sahədəki fəaliyyət səmərəsinin  yüksəldilməsinə yönəlmiş innovativ yeniliklәr dövlət siyasətinin strateji məqsədlərindəndir. Elmtutumlu informasiyanın yaradılması, әldә edilmәsi, tәtbiqi  rəqabətədavamlılığının  yüksəldilməsi məqsədi ilə yeni  yaradılmış cəmiyyətin innovativ səviyyəsinin yüksəldilməsində, innovasion mədəniyyətin formalaşmasında  həlledici amilə çevrilir.

N.Zeynalov bildirib ki, elmin inkişafı Azərbaycanın ümumi inkişafının əsas prioritetlərindən, milli-strateji hədəflərindən biridir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu ildə imzaladığı Sərəncam ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası ilə görülmüş işlər bütövlükdə Azərbaycan elminin inkişafına böyük təkan vermişdir. Dövlət başçısının 2016-cı il tarixli Fərmanına əsasən, Azərbaycan elminin tarixində ilk dəfə olaraq “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir.

Nizami Zeynalov öz çıxışında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq hər il martın 27-si Azərbaycan Respublikasında “Elm günü” kimi qeyd edilməsi ilə bağlı Sərəncamı və bu Sərəncamın elmin inkişafı naminə alimlərin qarşısında qoyulan yeni bir öhdəlik olması barədə məlumat vermişdir.

Sonra Pedaqoji fakültənin T18 saylı qrup tələbəsi Xədicə Elxan qızı Abdullayeva “Erkən orta əsrlərdə Azərbaycanda multimədəni fikrin təkamülü və inkişafı” (elmi rəhbər dosent Esmira Cəfərova), Rİ17 saylı qrup tələbəsi Nuranə Fizuli qızı İbrahimova “İnsen bərabərsizliyi və onun həndəsi çalışmalara tətbiqi” (elmi rəhbər baş müəllim Vaqif Şahismayıl oğlu Abdullayev), XD17 saylı qrup tələbəsi Rauf Gülağa oğlu Nəsibov “Xarici dilin tədrisində motivasiyanın rolu” (elmi rəhbər Xəyalə Rəmyəddin qızı Abdullayeva), MT17.1 saylı qrup tələbəsi Leyla Səbuhi qızı Allahverdiyeva “Tərbiyə işinin təşkili və planlaşdırılması” (elmi rəhbər baş müəllim Səbinə Mürsəl qızı Quliyeva), Rİ17 saylı qrup tələbəsi Leyla Rahib qızı Məmmədova “Sirkulyent determinant və onun 2; 3; 4 dərəcəli cəbri tənliklərin həlli ilə əlaqəsi” (elmi rəhbər baş müəllim Sabir Nəriman oğlu Babuşov) və AƏ18.1 saylı qrup tələbəsi Könül Azad qızı Rəsulova “Şəxsiyyətin inkişafında ünsiyyətin rolu” (elmi rəhbər Nərgiz Nazim qızı Həsənova) mövzularında məruzə ilə çıxış ediblər.

Tələbələrin aktual mövzu seçimləri, müstəqil, səlis çıxışları konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Sonda Mingəçevir Dövlət Universitetinin professor Vesyəl Əyyubov çıxış edərək tələbələrə və onların rəhbərlərinə “Elm günü” münasibətilə təşkil olunan konfransda uğurlu və maraqlı çıxışlarına görə universitet rəhbərliyi rektor Akif Hacıyevin və öz adından təşəkkür edib və fəaliyyətlərində uğurlar diləyib.

Qeyd edək ki, Elm gününə həsr olunmuş konfransda fakültə dekanları, kafedra müdirləri, universitet TEC-in sədri, müəllim və tələbələr iştirak edib.

{phocagallery view=category|categoryid=123|limitstart=0|limitcount=0}