2025-ci il dekabrın 20-də Mingəçevir Dövlət Universitetinin İnformasiya Texnologiyaları kafedrası tərəfindən “Təhsildə Süni İntellekt Alətlərinin İstifadəsi” mövzusunda 5 günlük beynəlxalq təlim proqramına start verilib.
Təlim proqramının məqsədi insan kapitalının gücləndirilməsi, rəqəmsal bacarıqların inkişaf etdirilməsi və innovasiyaya əsaslanan təhsil mühitinin formalaşdırılması vasitəsilə Azərbaycanın uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyalarına dəstək verməkdir.
Bu proqram ali təhsildə beynəlxalq qabaqcıl təcrübələrin transferi, regionun elmi-pedaqoji potensialının gücləndirilməsi və müasir tədris metodologiyalarının tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır. MDU ilə yanaşı, Türkiyənin aparıcı universitetləri – Orta Doğu Texniki Universiteti, OSTİM Texniki Universiteti, Qazi Universiteti, TED Universiteti, Kahramanmaraş İstiklal Universiteti və Recep Tayyip Erdoğan Universiteti də tanınmış alim və ekspertləri ilə proqramda iştirak ediblər.
Təlimin ilk günü “Süni intellekt əsaslı təhsilin elmi-konseptual çərçivəsi və qlobal perspektivləri” mövzusuna həsr olunub. Modul MDU-nun Elm işləri üzrə prorektoru Natavan Namazova tərəfindən moderatorluq olunub. Sessiyalar Microsoft Teams platforması üzərindən keçirilib və iştirakçılar QR kod vasitəsilə qoşulublar.
Açılış elmi təqdimatında Qazi Universitetinin professoru Dr. Hacer Karacan “Süni intellekt texnologiyalarının elmi əsasları və onların ali təhsildə tətbiq modelləri” mövzusunda çıxış edib. Təqdimatda süni intellektin təhsildə rolu, qlobal tendensiyalar, süni intellekt əsaslı transformasiya prosesləri, müəllimin dəyişən rolu və rəqəmsal kompetensiyaların əhəmiyyəti barədə ətraflı məlumat verilib.
İkinci sessiyada OSTİM Texniki Universitetinin professoru Dr. Alparslan Durmuş “Süni intellekt vasitəsilə tədris məzmununun hazırlanması” mövzusunda təqdimatla çıxış edib. Sessiya çərçivəsində Gemini, Copilot, Grok, DeepSeek və ChatGPT kimi generativ süni intellekt alətlərindən tədris materiallarının hazırlanmasında istifadə imkanları, həmçinin Turnitin və iThenticate vasitəsilə qiymətləndirmə mexanizmləri müzakirə olunub. Daha sonra iştirakçıların süni intellekt əsaslı təhsil alətlərini real sinif mühitində tətbiq etmələrinə imkan yaradan praktiki simulyasiya həyata keçirilib.
Bu beynəlxalq təlim proqramı ali təhsildə süni intellekt inteqrasiyasının gücləndirilməsi, həmçinin MDU-da müəllim və tələbələrin rəqəmsal və innovativ bacarıqlarının inkişaf etdirilməsi istiqamətində mühüm addım hesab olunur.