MDU əməkdaşı vaksinasiyanın önəmindən danışıb

MDU əməkdaşı vaksinasiyanın önəmindən danışıb

 

”Fevralın ayının 8-i Mingəçevir Şəhər Mərkəzi xəstəxanasında mənə COVID-19 əleyhinə ilk vaksin vurulub. Vaksin vurulduqdan sonra heç bir problemim olmadı”.

Bu sözləri Mingəçevir Dövlət Universitetinin (MDU) “Humanitar fənlər” kafedrasının müəllimi Mirzə Cavadov deyib. Azərbaycanın koronavirusa qarşı peyvənd əldə edən ilk ölkələr sırasında olmasını həyati vacib nailiyyət kimi qiymətləndirən Mirzə müəllim genişmiqyaslı vaksinasiyanın ənənəvi təhsilin bərpasında da mühüm rol oynayacağından danışıb.

O bildirib ki, vaksindən sonra heç bir əlavə fəsad yaşamayıb: “Normal keçirdim, heç bir dəyişiklik hiss etmədim. Martın 1-i vaksinin ikinci dozasının vurulmasını gözləyirəm. Koronavirusa yoluxmamışam. Vaksini vurdurmaqdan çəkinməyə ehtiyac yoxdur. Peyvənd vurulandan hələ ki, şikayətim olmayıb. Məsləhət görərdim ki, hamı peyvənd vurdursun, insanlar bir-birindən narahat olmasın”.

Mirzə müəllim könüllü iştirak etdiyi “COVİD-19” əleyhinə vaksinasiyanı cəmiyyətin sağlam inkişafı baxımından vacib hesab edib, ənənəvi həyata qayıdış və yaxın ətrafdakı insanların səhhətinin təhlükə altında qalmaması üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Qeyd edək ki, cari ilin 26 yanvar tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiya çərçivəsində ölkədə mərhələlər üzrə vaksinasiya tədbirləri həyata keçirilir.

Yaşı 65-dən yuxarı vətəndaşların könüllü peyvənd olunduğu indiki mərhələyə MDU-nun müvafiq əməkdaşları fəal qoşulublar. Eyni zamanda, əhali arasında vaksinasiya ilə bağlı həyata keçirilən maarifləndirmə tədbirlərində MDU-nun professor-müəllim və tələbə kollektivi fəallıq göstərirlər.