MDU tələbələri “ASAN” könüllülər təşkilatına cəlb olunurlar

MDU tələbələri “ASAN” könüllülər təşkilatına cəlb olunurlar

Mingəçevir şəhərində tezliklə fəaliyyətə başlayacaq “ASAN” HƏYAT kompleksinin gələcək könüllülər qrupunun üzvüləri olacaq Mingəçevir Dövlət Universitetinin tələbə kontingenti ilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məsul nümayəndələri böyük məsləhətçi Səbuhi Əvəzli, aparıcı məsləhətçi Saray Mayılzadə və ASAN könüllülər təşkilatının nümayəndələri iştirak ediblər.

İlk öncə Saray Mayılzadə ASAN könüllülər təşkilatının müxtəlif layihələri barədə məlumat verib. Sonra ASAN könüllülər təşkilatının fəaliyyətinə toxunan aparıcı məsləhətçi, qeyd edib ki, “ASAN xidmət” mərkəzlərindəki könüllü fəaliyyəti Azərbaycanda bu istiqamətdə aparılan dövlət siyasətinə töhvə vermiş bir təcrübə məktəbidir. “ASAN xidmət” mərkəzlərində bu günə qədər 4000-ə yaxın könüllü vətəndaşlara xidmət sahəsində fəaliyyət göstərmiş və onlara bu müddət ərzində bir sıra praktiki bilik və bacarıqlar aşılanmışdır. Məzun könüllülərimizin bir çoxu da hazırda dövlət və özəl strukturlarında çalışırlar.

S.Mayılzadə bildirib ki, bu prosesi daha sistemli və mərkəzləşdirilmiş formada həyata keçirmək üçün ASAN School-u təsis edildi. Bu təcrübə məktəbinin məqsədi Azərbaycanda könüllü fəaliyyətinin təkminləşdirilməsidən ibarətdir. ASAN School dünyanın qabaqcıl texnoloji və innovativ yeniliklərini tətbiq edərək gənclərə ölkədə aktual olan istiqamətlər üzrə peşəkar təlimçilər vasitəsi ilə bilik və bacarıqların aşılanmasını təmin edir. Bizdə Sizin tələbə və məzun olmağınızdan asılı olmayaraq bu həyat məktəbindən keçməyə və gələcək uğurlu karyeranızı bizimlə qurmağa dəvət edirik.

Sonra Səbuhi Əvəzli “Master 1” və “Master 2” pilləsi pilləsi haqqında məlumat verdi. Bildirdi ki, “Master 1” könüllülük fəaliyyətinin təkmilləşdirilməsi üçün yaradılmışdır. Bu proqramın əsas məqsədi gənclərin təhsil səviyyəsindən və ixtisasından asılı olmayaraq ümumi inkişaflarına dəstək olmaq, “ASAN xidmət” mərkəzlərinin işi ilə yaxından tanış etmək və onların Azərbaycan Respublikasında aparılan inzibati islahatlarda iştirakını təmin etməkdir. O qeyd etdi ki, “Master 1” çərçivəsində gənclər müxtəlif təlimlərdə iştirak edir və praktiki vərdişlər yiyələnirlər. Bununla yanaşı gənclər arasında komandada iş bacarıqları formalaşdırılır. “Master 1” 8 həftə ərzində həyata keçirilir. Proqram çərçivəsində gənclərin fəaliyyəti xüsusi hazırlanmış qiymətləndirmə qaydalarına əsasən qiymətləndirilir və yekunda proqram iştirakçıları 3 növ sertifikatdan birini və xasiyyətnamə əldə edirlər.

Daha sonra Səbuhi Əvəzli “Master 2” pilləsi haqqında da tələbələrə ətraflı məlumat verdi. Qeyd etdi ki, “Master 2” pilləsi “ASAN School” könüllülük proqramının ikinci pilləsi olaraq könüllülük fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə ixtisas sahəsi üzrə təcrübə toplamaq istəyən könüllülər üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tərəfdaş qurumun əməkdaşlığı nəticəsində həyata keçirilir.

Səbuhi Əvəzli bildirdi ki, proqramın əsas məqsədi gənclərin peşə bilik və bacarıqlarının inkişaf etdirilməsinə dəstək olmaqdır. “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyətinin birinci pilləsini (“Master 1”) uğurla başa vuran ASAN könüllüləri öz ixtisas sahələrinə, maraq dairələrinə uyğun olaraq müxtəlif istiqamətlərdən birini seçərək müvafiq istiqamət üzrə təklif olunan qurumlardan birinə müraciət edə bilər. “Master 2” pilləsi aşağıda adları qeyd olunan üç istiqamət üzrə həyata keçirilir: inzibati menecment; sosial menecment; biznes menecment.

Natiq məlumatını davan etdirərək vurğuladı ki, “Master 2” pilləsi çərçivəsində ASAN könüllüləri 8 həftəlik müddətdə müxtəlif dövlət və özəl qurumlara təcrübəyə yönləndirilirlər. Bu müddət ərzində onlar təyin olunmuş qurumlarda təcrübə keçir və təlimlərdə iştirak edirlər. Bununla yanaşı iştirakçılar Proqramın əvvəlində və sonunda Dövlət Agentliyində qısamüddətli kurslara cəlb olunurlar.

Səbuhi Əvəzli həmçinin bildirdi ki, proqramı başa vurmuş iştirakçıların fəaliyyəti ilə bağlı müvafiq qurum tərəfindən rəy verilir və fəaliyyəti məqbul sayılan iştirakçılar “ASAN School” könüllülük proqramı tərəfindən hazırlanan Dövlət Agentliyi və müvafiq qurum tərəfindən təsdiqlənən sertifikatlarla təltif olunurlar.

Sonra tələbələrə “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyəti ilə bağlı video çarx nümayiş olundu.

Video materialdan sonra tələbələr sual-cavab prosesində yaxından iştirak etdilər. Səbuhi Əvəzli və Saray Mayılzadə verilən sualları ətraflı cavablandırıblar.