You are currently viewing Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək

Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək

Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı ilə reallaşdırılan “Peşəkarla görüş” layihəsinin növbəti tədbiri keçiriləcək. Görüşün qonağı İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev olacaq.

“Dördüncü sənaye inqilabı və rəqəmsal iqtisadiyyat” mövzusunda baş tutacaq görüş MDU-nun əsas tədris binasının akt zalında keçiriləcək..

2022-ci ilin 29 aprel tarixində saat 12:00-da keçiriləcək görüşdə iştirak etmək istəyənlər metbuat@mdu.edu.az elektron poçt ünvanına müraciət göndərə bilərlər.

Qeyd edək ki, “Peşəkarla görüş” layihəsinin əsas məqsədi MDU kollektivinin müxtəlif aktual mövzular barədə peşəkarların bilik və bacarıqlarından faydalanması üçün imkanların yaradılmasından ibarətdir. Davamlı olaraq keçirilən görüşlərdə MDU-nun tələbələri, magistrantları, məzunları və gənc əməkdaşları iştirak edirlər. Layihə çərçivəsində indiyədək BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Mili Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Azərbaycan Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Vətən Müharibəsi Qəhrəmanı mayor Elnur Şirinov və millət vəkiləri Ceyhun Məmmədov və Vüqar Bayramov ilə görüşlər təşkil olunub.