2026-cı il 21 aprel tarixində Mingəçevir Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş XXI elmi konfrans” keçirilib. Universitetin Heydər Əliyev Mərkəzində təşkil olunan konfrans saat 15:00-da öz işinə başlayıb.
Tədbirin açılışında giriş sözü ilə çıxış edən Pedaqoji fakültənin dekan müavini Aygün Qədirova Birinci Türkoloji Qurultayın elmi və tarixi əhəmiyyətindən bəhs edərək, onun türk dünyasında dilçilik və humanitar elmlərin inkişafında mühüm mərhələ olduğunu vurğulayıb.
Konfrans çərçivəsində tələbələr müxtəlif aktual mövzular üzrə elmi məruzələrlə çıxış ediblər. MDU tələbələrindən Fatimə Həsənova “Azərbaycan dilçiliyində Bəkir Çobanzadə fenomeni”, Nurlana Mirabova “Birinci Türkoloji Qurultay – 100 il: ortaq elmi irs və müasir çağırışlar”, Nuray Mehdizadə “Azərbaycan ədəbiyyatında yeni mərhələnin başlanğıcı: 1926-cı il I Türkoloji Qurultay”, Gülbahar Həsənova və Zeynəb Mehrəlizadə “Türkoloji qurultayın təhsil siyasətində rolu, tarixi və pedaqoji təhlili”, Aysu Həşimova “Ekran asılılığının məktəbəqədər yaşlı uşaqlara təsiri”, Aysu Cəbrayılova “Törəmənin tətbiqi ilə iqtisadiyyat məzmunlu məsələlərin həlli”, Mələk Nəbizadə “Birləşmələr nəzəriyyəsinin əsas prinsipləri”, Ramal Mahmudov “Sosial körpü”, Aynur Kərimova “Phonetic differences between English and Azerbaijani (with reference to other Turkic languages)”, Gülçin Əliyeva isə “Türkologiya və Fransız dilinin qarşılıqlı təsiri: leksik assimilyasiya və müasir dilçilik yanaşmaları” mövzularında təqdimatlarla çıxış ediblər. Təqdim olunan məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Konfrans tələbələrin elmi-tədqiqat fəaliyyətinə marağının artırılması, onların analitik və yaradıcılıq qabiliyyətlərinin inkişafı baxımından əhəmiyyətli olub.