Mingəçevir Dövlət Universitetində “Gizli gücləri kəşf edək” mövzusunda təlim keçirilib

Mingəçevir Dövlət Universitetində “Gizli gücləri kəşf edək” mövzusunda təlim təşkil olunub. Tədbir universitetin Biznes və menecment kafedrasının təşəbbüsü ilə həyata keçirilib və tələbələrin fəal iştirakı ilə baş tutub.

Təlim Biznes və menecment kafedrasının müəllimi Babək Hüsüyev tərəfindən keçirilib. Təlim zamanı iştirakçılara şəxsi inkişaf, özünü tanıma və fərdi potensialın üzə çıxarılması istiqamətində ətraflı məlumat verilib. Qeyd olunub ki, müasir dövrdə uğurlu karyera qurmaq üçün fərdin daxili imkanlarını düzgün qiymətləndirməsi və məqsədyönlü inkişaf strategiyası müəyyənləşdirməsi xüsusi əhəmiyyət daşıyır.

Təlim çərçivəsində iştirakçılar öz daxili potensiallarını daha yaxından tanımaq, güclü tərəflərini müəyyənləşdirmək və şəxsi inkişaf istiqamətlərini formalaşdırmaq imkanı əldə ediblər. İnteraktiv müzakirələr və praktiki tapşırıqlar vasitəsilə hər bir iştirakçı özünü kəşf yolunda mühüm addımlar atıb, fərdi inkişaf planlarının ilkin konturlarını müəyyənləşdirib.

Eyni zamanda, təlimdə motivasiya, məqsəd qoyma, vaxtın effektiv idarə olunması və şəxsi brendin formalaşdırılması kimi mövzulara da toxunulub. İştirakçılar real həyat nümunələri əsasında təqdim olunan biliklərdən faydalanaraq gündəlik fəaliyyətlərində tətbiq edə biləcəkləri praktiki yanaşmalar əldə ediblər.

Təlim tələbələrin böyük marağına səbəb olub və qarşılıqlı sual-cavab əsasında dinamik şəkildə davam edib. Sonda aktiv iştirak edən tələbələrə təşəkkür edilib, onların gələcək təhsil və karyera fəaliyyətlərində uğurlar arzulanıb.

Qeyd edək ki, bu kimi maarifləndirici və inkişafyönümlü təlimlərin təşkili universitetdə tələbələrin fərdi və peşəkar inkişafının dəstəklənməsi istiqamətində həyata keçirilən sistemli tədbirlərin tərkib hissəsidir.