Mingəçevir Dövlət Universitetində iqtisadi təhlükəsizlik və milli inkişaf strategiyasına həsr olunan ustad dərsi keçirilib

Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Amal Həsənli tərəfindən “Azərbaycanın milli təhlükəsizlik strategiyasının iqtisadi determinantları” mövzusunda ustad dərsi keçirilib.

Ustad dərsinin əsas məqsədi tələbə və müəllim heyətinin iqtisadi təhlükəsizlik, milli inkişaf strategiyası, iqtisadi dayanıqlılıq və qlobal iqtisadi proseslərin ölkələrin təhlükəsizlik siyasətinə təsiri ilə bağlı nəzəri və praktik biliklərinin genişləndirilməsi olub.

Tədbir çərçivəsində milli təhlükəsizlik strategiyasının iqtisadi əsasları, iqtisadi dayanıqlılığın təmin olunması, enerji təhlükəsizliyi, maliyyə sabitliyi, insan kapitalının inkişafı və qlobal iqtisadi çağırışların dövlətlərin iqtisadi və təhlükəsizlik siyasətinə təsiri geniş şəkildə təhlil edilib. Eyni zamanda Azərbaycanın müasir iqtisadi inkişaf modeli, milli maraqların qorunmasında iqtisadi mexanizmlərin rolu və dayanıqlı inkişaf baxımından strateji yanaşmalar ətrafında ətraflı müzakirələr aparılıb.

Amal Həsənli çıxışında iqtisadi təhlükəsizliyin milli inkişafın əsas komponentlərindən biri olduğunu vurğulayaraq, dəyişən qlobal iqtisadi mühitdə çevik iqtisadi idarəetmə, resursların səmərəli istifadəsi, enerji siyasəti və insan kapitalına investisiyanın ölkələrin uzunmüddətli inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.

Ustad dərsində universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbir çərçivəsində mövzu ətrafında interaktiv fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və iqtisadi təhlükəsizliklə bağlı aktual məsələlər geniş müzakirə olunub.

Böyük maraqla qarşılanan ustad dərsi iqtisadi təhlükəsizlik, strateji idarəetmə və milli inkişaf istiqamətində nəzəri-praktik biliklərin artırılması baxımından əhəmiyyətli akademik platforma kimi dəyərləndirilib.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində müasir iqtisadi çağırışlara uyğun bilik və kompetensiyaların inkişafı, analitik düşüncə mühitinin gücləndirilməsi, elmi-praktik əməkdaşlıq imkanlarının genişləndirilməsi və tələbəyönümlü akademik təşəbbüslərin təşviqi istiqamətində ardıcıl fəaliyyət davam etdirilir.