Mingəçevir Dövlət Universitetində “Məktəbəqədər yaşlı uşaqların sağlam qidalanması və süfrə mədəniyyətinin formalaşdırılması” mövzusunda Elmi Seminar Keçirilib

Mingəçevir Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının baş müəllimi İlhamə İsmayılova və müəllimi Aygün İsmayılova 1 aprel 2026-cı il tarixində Mingəçevir şəhər 10 saylı “Qərənfil” adına körpələr evi-uşaq bağçasında “Məktəbəqədər yaşlı uşaqların sağlam qidalanması və süfrə mədəniyyətinin formalaşdırılması” mövzusunda elmi seminar keçirmişlər. Seminar mütəxəssislər və təhsil işçiləri tərəfindən böyük maraqla qarşılanmışdır.

Seminarı giriş sözü ilə açan müəssisə rəhbəri Aynur İsimxanlı müasir təhsil-tərbiyə sistemində məktəbəqədər yaşlı uşaqların sağlam qidalanması və süfrə mədəniyyətinin formalaşdırılmasının strateji əhəmiyyətini vurğulamışdır. Seminarın məqsədi uşaqlarda düzgün qidalanma vərdişlərinin aşılanması və süfrə arxasında davranış normalarının elmi-metodik əsaslarını təhlil etməkdir.

Təlim çərçivəsində Pedaqogika və psixologiya kafedrasının müəllimi Aygün İsmayılova “Gələcəyin sağlamlığı süfrədən başlayır” mövzusunda məruzə ilə çıxış edərək iştirakçılara süfrə alətlərindən düzgün istifadə, gigiyenik vərdişlər, etik davranış qaydaları və uşaqların telefon və televizor qarşısında qidalanması zamanı yarana biləcək problemlərin həlli yolları barədə məlumat vermişdir.

Psixoloq və baş müəllim İlhamə İsmayılova “Məktəbəqədər yaşlı uşaqlarda sağlam qidalanma vərdişləri və süfrə mədəniyyətinin formalaşdırılmasının psixopedaqoji aspektləri” mövzusunda çıxış edərək, məktəbəqədər yaş dövründə qidalanma prosesinin yalnız enerji qəbulu olmadığını, həmçinin uşağın emosional intellekti, özünüidarəetmə qabiliyyəti və estetik hisslərinin inkişaf etdiyi təlim mühiti olduğunu vurğulamışdır.

Seminar çərçivəsində bağçanın metodisti Təranə Mövsümova və böyük tibb bacıları Hüseynova Xəyalə və Abdullayeva İradə uşaqların qidalanma rejiminin biokimyəvi və fizioloji aspektləri barədə geniş məlumatlar təqdim etmişlər. Məruzələr bağça rəhbərliyi və iştirakçılar tərəfindən yüksək səviyyədə qarşılanmış, geniş müzakirələr aparılmışdır.

Seminarın yekununda aşağıdakı təkliflər irəli sürülmüşdür:

  1. Vahid tələb sistemi: Bağçada öyrədilən sağlam qidalanma və süfrə qaydaları evdə valideyn tərəfindən dəstəklənməlidir (Bağça-Ailə birliyi).
  2. Maarifləndirmə: Valideynlər üçün “Sağlam və Mədəni Süfrə” adlı metodik vəsaitlərin hazırlanması.
  3. Nümunəvi model: Tərbiyəçi və valideyn süfrə arxasında öz davranışı ilə uşaq üçün canlı nümunə olmalıdır.

Belə maarifləndirici elmi seminarların təşkili akademik heyətin və təhsil işçilərinin bilik və bacarıqlarının inkişafına, həmçinin uşaqlarda sağlam həyat vərdişlərinin formalaşmasına mühüm töhfə verir.