Mingəçevir Dövlət Universitetində Xocalı faciəsinin ildönümünə həsr olunmuş esse müsabiqəsinin qalibləri bəlli olub

2026-cı ilin 26 fevral tarixində Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının ildönümünə həsr olunmuş esse müsabiqəsinin qalibləri müəyyənləşdirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd gənclərin tarixi yaddaşının möhkəmləndirilməsi, Xocalı həqiqətlərinin təbliği və milli-mənəvi dəyərlərə bağlılığın artırılması olub. Tələbələr esse yazılarında Xocalı faciəsinin ağrı-acılarını, xalqımızın yaşadığı müsibətləri və ədalətə çağırışı öz baxış bucaqlarından ifadə ediblər.

Müsabiqənin yekunlarına əsasən, qaliblərin təltif olunması ilə bağlı universitetdə rektor Anar Eminovun iştirakı ilə təltifolunma mərasim təşkil edilib.

Rektor çıxışında Xocalı soyqırımının Azərbaycan xalqının tarixində ən ağır və faciəli səhifələrdən biri olduğunu vurğulayaraq, bu kimi tədbirlərin gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsinə, tarixi həqiqətlərin unudulmamasına və gələcək nəsillərə ötürülməsinə xidmət etdiyini bildirib. O qeyd edib ki, milli yaddaşın qorunması və tarixi ədalətin təbliği hər bir gəncin mənəvi borcudur. Rektor müsabiqədə fəal iştirak edən tələbələri təbrik edib, onların vətənpərvər mövqeyini və ədəbi yaradıcılıq bacarıqlarını yüksək qiymətləndirib.

Müsabiqənin nəticələrinə əsasən MDU-nun tələbələrindən Tural Nağızadə I yerin, Zeynəb Mehrəlizadə II yerin, Nuray Abdullayeva və Fatimə Cəlilova III yerin sahibi olublar.

Qalib və fərqlənən tələbələrə sertifikatlar təqdim olunub, xatirə fotoları çəkilib.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində milli-mənəvi dəyərlərin təbliği, tarixi həqiqətlərin öyrənilməsi və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində silsilə tədbirlər mütəmadi olaraq həyata keçirilir.