Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının ildönümü ilə əlaqədar xatirə guşəsi yaradılıb

Mingəçevir Dövlət Universitetində 26 Fevral – Xocalı soyqırımının ildönümü ilə əlaqədar universitetin foyesində xatirə guşəsi yaradılıb.

Xatirə guşəsində Xocalı soyqırımına həsr olunmuş kitablar, tarixi faktları əks etdirən nəşrlər və faciəni əks etdirən fotoşəkillər nümayiş etdirilib. Guşədə həmçinin şəhidlərin xatirəsini simvolizə edən şamlar və qərənfillər düzülərək anım ab-havası yaradılıb.

Təşkil olunmuş guşənin əsas məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin bir daha universitet ictimaiyyətinin diqqətinə çatdırılması, gənclər arasında tarixi yaddaşın möhkəmləndirilməsi və vətənpərvərlik ruhunun aşılanmasıdır.

Xatirə guşəsi tələbələr tərəfindən maraqla qarşılanıb. Tələbələr təqdim olunan nəşrlərlə yaxından tanış olub, soyqırımın dəhşətlərini əks etdirən foto materialları izləyərək faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində milli-mənəvi dəyərlərin təbliği, tarixi həqiqətlərin öyrənilməsi və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində silsilə tədbirlər mütəmadi olaraq həyata keçirilir.