İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrinin tələbələri arasında “Vergilər” mövzusunda keçirilən debat turniri yekunlaşıb.
DVX-nin Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən inzibati binasında təşkil olunan turnirdə Mingəçevir Dövlət Universitetinin tələbələri də iştirak ediblər. Universiteti Maliyyə ixtisasının IV kurs tələbələri Mustafayev Aqil Əlizamin oğlu və Qədimli Namiq Ceyhun oğlu təmsil ediblər.
Turnirin əsas məqsədi tələbələr arasında vergi mədəniyyətinin və maliyyə savadlılığının təşviqi, analitik düşüncə, məntiqi təhlil və ictimai çıxış bacarıqlarının inkişaf etdirilməsi, həmçinin gənclərin vergi sahəsinə marağının artırılması olub. Debat formatında keçirilən yarış tələbələrə mövqe bildirmək, arqumentlərini əsaslandırmaq, fərqli fikirləri dinləmək və iqtisadi proseslərə vətəndaş məsuliyyəti prizmasından yanaşmaq imkanı yaradıb.
Turnirdə ölkənin 29 ali təhsil müəssisəsini təmsil edən, Azərbaycan, ingilis və rus bölmələrindən ümumilikdə 62 debatçı təsnifat və final mərhələlərində mübarizə aparıb. İştirakçılar vergi sistemi, maliyyə intizamı, ictimai məsuliyyət və iqtisadi maarifləndirmə ilə bağlı mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Turnirin bağlanış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatı Şahin Seyidzadə, Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Aydan Hüseynova, DVX-nin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov və digər qonaqlar iştirak ediblər.
Çıxışlarda debat turnirlərinin tələbələrdə analitik düşüncə, əsaslandırılmış fikir irəli sürmək, kommunikasiya, araşdırma və ictimai çıxış bacarıqlarının inkişafında mühüm rol oynadığı vurğulanıb. Qeyd olunub ki, vergi mövzusu ətrafında aparılan müzakirələr gənclərin iqtisadi proseslərə daha fəal və məsuliyyətli yanaşmasına töhfə verir.
Mingəçevir Dövlət Universitetinin tələbələrinin bu turnirdə iştirakı universitetdə tələbələrin yalnız ixtisas biliklərinin deyil, həm də praktik düşüncə, ictimai fəallıq, debat mədəniyyəti və maliyyə savadlılığı kimi vacib bacarıqlarının inkişafına verilən önəmin göstəricisidir. Universitet tələbələrinin respublika səviyyəli intellektual platformalarda təmsil olunması onların peşəkar və şəxsi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
MDU tələbələrin ölkəmiqyaslı bilik, debat, innovasiya və ictimai təşəbbüs platformalarında iştirakını dəstəkləməklə onların rəqabətqabiliyyətli, məsuliyyətli və müasir çağırışlara hazır mütəxəssis kimi formalaşmasına töhfə verməyə davam edir.