Mingəçevir Dövlət Universiteti ilə Mingəçevir şəhərinin orta məktəbləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Mingəçevir Dövlət Universiteti ilə Mingəçevir şəhərinin orta məktəbləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

2020-ci ilin 21 iyul tarixində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mingəçevir şəhərinin orta məktəbləri arasında potensial əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunmuş görüş keçirilib. Mingəçevir şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə virtual formatda baş tutan görüşdə MDU-nun rektoru Şahin Bayramov və Mingəçevir şəhərində yerləşən 21 orta təhsil müəssisəsinin direktorları iştirak ediblər.

Tədbiri açan Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov 2019/2020-ci tədris ilinin uğurla başa çatması münasibətilə təhsil işçilərini təbrik edib, Mingəçevir təhsilinin nailiyyətlərindən bəhs edib və müasirləşmə yolunda olan MDU ilə orta məktəblər arasında əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə çıxış edən Ş.Bayramov Mingəçevir şəhərində ənənəvi olaraq orta təhsilin güclü olmasını, şəhər məktəblilərinin ümumrespublika fənn olimpiadalarında uğurlu nəticələr göstərməsini və abituriyentlərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək ballar qazanmasını vurğulayıb. Cari tədris ili ərzində MDU ilə şəhərin bir sıra orta məktəbləri arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradıldığını bildirən rektor Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü Lisey və Mingəçevir şəhəri R.Muradov adına Texniki Humanitar Lisey ilə birlikdə elm, tədris və vətənpərvərlik mövzularında uğurlu layihələrin reallaşdırıldığını qeyd edib.

Ş.Bayramov MDU-nun modernləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texniki Universiteti ilə yaradılmış əməkdaşlıq, beynəlxalq əlaqələrin inkişafı sahəsində görülən işlər və pandemiya dövründə məsafədən tədrisin təşkilində əldə olunan uğurlar haqqında ətraflı məlumat verib. Növbəti tədris ilində Mingəçevir şəhərinin orta məktəbləri ilə birgə tədbirlərin keçirilməsinə xüsusi diqqət ayrılacağını bildirən rektor MDU-nun tanıtımı sahəsində nəzərdə tutulan təbliğat işləri barədə də danışıb.

Tədbirdə abituriyentlər arasında MDU-ya marağın gələcəkdə daha da artacağına və Mingəçevirli gənclərin öz doğma şəhərlərində ali təhsil almağa üstünlük verəcəklərinə əminlik ifadə olunub.

{phocagallery view=category|categoryid=419|limitstart=0|limitcount=0}