Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun “Azərbaycan müəllimi” qəzetində dərc olunmuş yazısı (31.01.2020) II hissə

Mingəçevir Dövlət Universiteti strateji hədəflərə doğru

31 Yanvar 2020                                                                                                (II hissə “Azərbaycan müəllimi” qəzeti 31yanvar tarixli sayında)

                                                                                                                         (I hissə “Azərbaycan müəllimi” qəzetinin 17 yanvar tarixli sayında )

MDU-nun Azərbaycan ali təhsilinin ümumi xəritəsindəki mövqeyini gücləndirmək fəaliyyətimizin prioritet istiqamətidir

Qarşılıqlı faydalı tərəfdaşlıq konsepti

Qarşımıza qoyulan hədəflərə çatmaq və MDU-nu yeni dövrün tələblərinə uyğun ali təhsil müəssisəsinə çevirmək məqsədilə ölkəmizin qabaqcıl universitetləri ilə qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasına mühüm önəm veririk. Bu konseptin reallaşdırılması istiqamətində ilkin mərhələdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texniki Universiteti ilə müvafiq anlaşma memorandumları imzalanmış, potensial əməkdaşlıq istiqamətləri razılaşdırılmış və konkret addımların atılmasına başlanılmışdır. İlkin olaraq, 2019/2020-ci tədris ilinin yaz semestrində hər üç universitetlə tələbə və müəllim mübadiləsinə start verilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Texniki Universiteti ilə səmərəli əməkdaşlıq

2019-cu ilin 29 noyabr tarixində MDU-da Azərbaycan Texniki Universiteti ilə birlikdə “Sosial-İqtisadi İnkişafın Dayanıqlı Enerji Təminatı: universitet – sənaye işbirliyi və innovativ kadr hazırlığı” mövzusunda I regional elmi-texniki konfrans keçirilmişdir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi çərçivəsində təşkil olunan tədbirin əsas məqsədi energetika sisteminin kadr və elmi-metodiki təminatında universitetlərin rolu, energetikanın müasir problemləri, regionların sosial-iqtisadi inkişafının təmin olunması baxımından elektrik stansiyalarının əhəmiyyəti və digər mövzularda müzakirələrin aparılmasından ibarət olmuşdur.

Mingəçevir şəhər rəhbərliyinin, “AzərEnerji” ASC-nin səlahiyyətli nümayəndəsinin, “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi” MMC-nin və “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin rəhbər şəxslərinin iştirakı ilə keçirilən konfransda universitet – sənaye işbirliyi mövzusunda ətraflı fikir mübadiləsi aparılmış və potensial əməkdaşlıq imkanları müəyyən edilmişdir. Mingəçevir şəhərinin ölkəmizin energetika sistemində aparıcı yer tutduğunun vurğulandığı tədbirdə əmək bazarının mövcud və potensial ehtiyaclarının öyrənilməsi, universitetlər tərəfindən istehsal müəssisələri üçün təklif oluna bilən müvafiq tədris və tədqiqat xidmətləri, mühəndis kadrların hazırlanması sahəsində energetika müəssisələrinin hər iki universitetə müvafiq dəstək göstərməsi məsələləri müzakirə olunmuşdur. Konfrans çərçivəsində “Azərbaycan İES” MMC və “Mingəçevir SES” MMC-yə səfər edən professor-müəllim və tələbə heyəti üzvləri istehsal prosesi ilə yaxından tanış olmuşlar.

Tədbir çərçivəsində “Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universiteti arasında təhsil, elm və innovasiya fəaliyyəti üzrə qarşılıqlı əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanmışdır.

İnnovasiyalar Agentliyi ilə işbirliyi

Yenə də qarşılıqlı faydalı əməkdaşlıq formulası əsas götürülməklə, 2019-cu ilin 19 dekabr tarixində MDU ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi arasında Anlaşma Memorandumu imzalanmışdır. Sənəd iki qurum arasında innovasiya sahəsində birgə fəaliyyət, müştərək layihələrin hazırlanması və icra edilməsi, tələbə və gənclər arasında innovativ və kreativ düşüncə tərzinin formalaşdırılması, mütərrəqi texnologiyaların yaradılması və tətbiqini mənimsəyən mütəxəssislərin hazırlanması və startaplara inkubasiya xidmətlərinin göstərilməsi istiqamətlərində əməkdaşlığın yaradılmasını nəzərdə tutur.

Bu əməkdaşlığın MDU-da innovativ idarəetmə texnologiyalarının tətbiqinə və yüksək ixtisaslı kadr hazırlığının məzmununun müasir dövrün tələblərinə uyğunlaşdırılmasına mühüm töhfə verəcəyinə, eləcə də İnnovasiyalar Agentliyi ilə Mingəçevir Yüksək Texnologiyalar parkında birgə yaratdığımız “Simbioz” texnoloji biznes inkubatorun fəaliyyətində MDU tələbələri və müəllimlərinin fəal iştirak edəcəyinə əminik. Əməkdaşlıq universitet – sənaye işbirliyinin yaradılması, MDU-nun startap ekosistemindəki iştirakının genişləndirilməsi, tələbə-gənclərin biznes ideyalarının və innovativ təşəbbüslərinin dəstəklənməsi, innovasiyalar yaradılması baxımından böyük imkanlar vəd edir.

Bakı Dövlət Universiteti – 100

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ildə Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuşdur. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti kimi dəyərləndirdiyi BDU-nun 100 illik yubileyinə həsr olunan növbəti tədbirin 2019-cu ilin 30 sentyabr tarixində MDU-da keçirilməsi professor-müəllim və tələbə heyətimiz üçün mühüm hadisə kimi yadda qalmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi sonralar ölkəmizdə yaradılan digər ali təhsil müəssisələrinin formalaşmasında mühüm baza rolunu oynamış BDU-nun MDU-da keçirilən yubiley tədbirində həmin universitetin böyük nümayəndə heyəti iştirak etmişdir.

Milli ali təhsilimizin flaqmanı, çoxminli professor-müəllim heyətinin cəmləşdiyi elm məbədi olan 100 yaşlı BDU-nun Azərbaycan ali təhsilinin beynəlxalq ali təhsil məkanında layiqincə təmsil olunmasında müstəsna xidmətləri vardır. Azərbaycan tarixində ilk dəfə olaraq BDU-nun 100 illik yubileyinin YUNESKO-da qeyd olunması hər bir azərbaycanlı kimi MDU kollektivinin hər bir üzvünə də böyük qürur hissi yaşatmışdır.

MDU-da tədrisin keyfiyyətinin yüksəldilməsi və universitetin Azərbaycan ali təhsilinin ümumi xəritəsindəki mövqeyinin gücləndirilməsinə hədəflənən fəaliyyətimizdə digər tərəfdaşlarla yanaşı, BDU ilə əməkdaşlığa və bir əsrlik tarixi olan bu ali təhsil ocağının təcrübəsindən faydalanmağa xüsusi önəm veririk.

MDU-da keçirilən yubiley tədbiri çərçivəsində BDU ilə MDU arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır. Sənəd iki universitet arasında tələbə mübadiləsi, kreditlərin tanınması, müəllimlərin ixtisaslarının artırılması, tədqiqat metodları üzrə təcrübə mübadiləsi, ortaq elmi tədqiqatların aparılması, birgə elmi konfransların təşkili, beynəlxalq layihələrdə iştirak və digər sahələrdə əməkdaşlığın yaradılmasını nəzərdə tutur. Qeyd olunan istiqamətlərdə qarşılıqlı faydalı real əməkdaşlığın qurulması məqsədilə artıq konkret addımlar atılır və ilk olaraq 2019/2020-ci tədris ilinin yaz semestrində tələbə mübadiləsinin reallaşdırılması gözlənilir. Yubiley ilində əsası qoyulan BDU – MDU əməkdaşlığının paytaxt və region universitetləri arasında əməkdaşlığın nümunəvi modelinə çevriləcəyinə inamımız böyükdür.

Sevindirici haldır ki, BDU-nun 100 illik yubileyi münasibətilə bu universitetin məzunları arasında elan edilmiş “BDU Xatirələrdə” yazı müsabiqəsində MDU-nun əməkdaşı Cəmilə Musayeva birinci yerə layiq görülmüşdür.

Nəsimi – 650

Ölkə başçısı tərəfindən elan olunmuş “Nəsimi ili” çərçivəsində MDU-da çoxsaylı tədbirlər keçirilmişdir. Bu sıradan, universitetdə “Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı” mövzusunda keçirilən oxucu konfransını qeyd etmək olar. Konfransda “Klassik Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi fenomeni”, “Poeziyamızın Nəsimi zirvəsi”, “Nəsiminin həyat və yaradıcılığı”, “Nəsimi və Azərbaycan ədəbi dili”, “Nəsimi və ümumi danışıq dili”, “Nəsimi dövründə ictimai-siyasi vəziyyət” və “Nəsimi dövründə Azərbaycan mədəniyyəti” mövzularında məruzələr dinlənilmişdir. Tədbirdə tələbələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadı Nəsiminin qəzəllərindən ibarət ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər.

MDU-nun professor-müəllim və tələbə kollektivi Azərbaycanın mütəfəkkir şairinə həsr olunmuş digər tədbirlərdə, o cümlədən Mingəçevir şəhərində Nəsiminin 650 illik yubileyi münasibətilə təşkil edilən ümumşəhər tədbirlərində də fəal iştirak etmişlər.

Universitetimiz Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə 29 sentyabr tarixində Şamaxıda keçirilən “Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı”na qatılan yeganə ali təhsil müəssisəsi olmuşdur.

Eyni zamanda, MDU Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə fəal qoşulmuş və dekabr ayında keçirilmiş ağacəkmə aksiyasında kollektiv üzvləri yaxından iştirak etmişlər.

Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BDU-nun 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Təhsil nazirinin 9 dekabr 2019-cu il tarixli müvafiq əmri ilə təsdiq edilmiş Fəaliyyət Planı MDU Elmi Şurasının genişləndirilmiş iclasında ətraflı müzakirə olunmuşdur. Fəaliyyət Planına uyğun olaraq, MDU-da tərbiyə işinin təkmilləşdirilməsi, təhsialanların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan tarixinin tədrisinin təkmilləşdirilməsi və tələbələrlə ideoloji işin gücləndirilməsi istiqamətində həyata keçirilməsi nəzərdə tutulan konkret məsələləri əhatə edən Tədbirlər Planı hazırlanır.

Bu yöndə reallaşdırılan fəaliyyətin əsas nümunələrindən biri kimi, 2019-cu il 24 dekabr tarixində universitetdə “Vətənpərvərlik – Vətənə xidmətin ali zirvəsidir” mövzusunda tədbir keçirilmişdir. Mingəçevir şəhər Gənclər və İdman İdarəsi və Mingəçevir Peşə Məktəbi ilə birgə təşkil etdiyimiz tədbirin əsas məqsədi tələbə-gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlarda dövlətimizə və milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması olmuşdur. 2016-cı ilin aprel döyüşləri şəhidlərinin valideynlərinin, aprel döyüşləri şəhidinin övladının və həmin döyüşlərin iştirakçılarının qatıldığı tədbirdə Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin daim böyük hörmət və ehtiramla anıldığı bildirilmiş, şəhidlərimizin keçdiyi şərəfli yolu öyrənməyin və təbliğ etməyin vacibliyi diqqətə çatdırılmışdır.

Könüllülük fəaliyyətinin dəstəklənməsi

Fəaliyyətimizdə rəqabətqabiliyyətli mütəxəssis hazırlığına, innovativ yanaşmaya əsaslanan təhsil imkanlarının yaradılmasına, gənclərin intellektual səviyyəsinin artırılmasına və onların məntiqi təfəkkürünün inkişafına xüsusi diqqət yetiririk. Tələbələrimizi seçdikləri ixtisasa dərindən yiyələnməyə, kitabı sevməyə, informasiya-kommunikasiya texnologiyalarını yaxşı mənimsəməyə, xarici dilləri öyrənməyə, kommunikasiya bacarıqlarını gücləndirməyə, təşəbbüskarlığa, intellektual oyunlar və idmanla məşğul olmağa, komanda işinə və könüllülüyə sövq edirik.

Tələbələrin könüllülük fəaliyyətinə aktiv cəlb olunması üçün bütün zəruri şəraiti yaradırıq. Bu istiqamətdə daha çox Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) “ASAN Könüllüləri” təşkilatının təqdim etdiyi imkanlardan faydalanırıq. Əlavə olaraq, hazırda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə yaradılan “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyi ilə əməkdaşlıq imkanlarını müzakirə edirik. Tələbə-könüllülərimiz həm universitetdə, həm də Mingəçevir şəhərində keçirilən çoxsaylı tədbirlərin təşkilində könüllü qismində iştirak edirlər.

Əminik ki, möhtərəm Prezidentimiz tərəfindən 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi bu istiqamətdəki fəaliyyətimiz üçün daha geniş imkanlar yaradacaqdır.

“ASAN xidmət” ilə birgə layihələr

Cəmiyyət həyatının “asan”laşdırılmasına xidmət edən və Azərbaycan brendi kimi bütün dünyaya səs salan “ASAN xidmət”lə ortaq fəaliyyətin yaradılmasına xüsusi əhəmiyyət veririk. Regionda yerləşən MDU-da çevik idarəetmə mexanizminin yaradılması, şəffaf təhsil mühitinin formalaşdırılması və tələbələrimizdə müasir dövrün tələblərinə uyğun innovativ bacarıqların inkişaf etdirilməsi baxımından bu əməkdaşlıqdan gözləntimiz çoxdur. Bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan Mingəçevir “Asan Həyat” kompleksi ilə ilkin təmaslar qurulmuşdur.

Bu çərçivədə atılan ilk addım olaraq, MDU “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “ASAN İnkişaf Modeli – Qadınların işgüzar inkişafı” mövzusunda təlimlərə dəstək vermişdir. Layihə çərçivəsində Mingəçevir və ətraf ərazilərdə yaşayan qadınlar üçün turizm sahəsində sahibkarlıq imkanları və karyera üzrə təlimlər keçirilmişdir. Əsasən MDU tələbələrinin qatıldığı təlimlər ümumilikdə 150-dən çox iştirakçını əhatə etmişdir. Nüfuzlu beynəlxalq təlimçilərin cəlb olunduğu layihəni region gənclərinin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi və onların məşğulluq potensialının gücləndirilməsi baxımından mühüm töhfə hesab edirik.

MDU ilə Mingəçevir “Asan Həyat” kompleksi arasında növbəti birgə layihələrin həyata keçirilməsini nəzərdə tuturuq.

Tələbələr üçün inkişaf təlimləri

Tələbələrin mövcud tədris planlarında nəzərdə tutulmayan mövzular üzrə müxtəlif formatlı təlim və seminarlara cəlb olunması diqqət mərkəzində saxlanılır. Bu sıradan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Mingəçevir şəhər Məşğulluq Mərkəzi tərəfindən “Karyerada ilk addım” mövzusunda təşkil olunan təlim, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən reallaşdırılan “Sabahın sahibkarları” layihəsi çərçivəsində MDU-da təşkil olunan “İnsan Mühəndisliyi” proqramı tələbələrin böyük marağına səbəb olmuşdur.

Bundan başqa, tələbələrimiz Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən “Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin iqtisadi və sosial inkişafı” (EPIC) layihəsi çərçivəsində təqdim olunan “İş Qatarı” proqramında, Hindistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, Bakı Gənclər Mərkəzi və Mingəçevir Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Student Solar Lamp Workshop” layihəsində fəal iştirak etmişlər.

Beynəlxalq əməkdaşlıqda prioritetlər

Sürətlə dəyişən və qlobal xarakter alan əmək bazarı üçün yüksək ixtisaslı kadr hazırlığında beynəlxalq tələbə və müəllim mübadiləsinin xüsusi önəm daşıması qənaətindəyik. Buna görə də MDU-nun qabaqcıl xarici universitetlərlə əməkdaşlığının inkişafına və bu yöndə Erasmus+ proqramının imkanlarından faydalanmağa çalışırıq.

Bu baxımdan, MDU ilə İspaniyanın Vallodolid Unversiteti arasında Erasmus+ proqramı çərçivəsində tələbə mübadiləsini ayrıca qeyd etmək lazımdır. MDU-nun iki tələbəsi hazırda sözügedən universitetdə təhsil alır və növbəti semestrdə daha üç tələbənin İspaniyaya göndərilməsi nəzərdə tutulur.

Eyni zamanda, MDU Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində Bakı Biznes Universitetinin koordinatorluğu ilə reallaşdırılan “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsində fəal iştirak edir. MDU-nun 10-dan artıq əməkdaşı layihə çərçivəsində müxtəlif vaxtlarda Azərbaycanda, Böyük Britaniyada, İsveçdə və Litvada təşkil olunan çoxsaylı təlimlərdə iştirak etmişdir. Əldə olunan yeni biliklər və qazanılan bacarıqlar MDU-da keyfiyyətin təminatı mexanizminin müasir dövrün tələbləri səviyyəsində qurulmasına şərait yaradır.

Beynəlxalq əməkdaşlığın inkişafının dəstəklənməsi məqsədilə universitetimiz 2019-cu ildə Bolonya prosesi üzrə İşçi Qrupunun növbəti iclasında (Helsinki), X Rusiya-Azərbaycan Regionlararası Forumunda (Moskva) və “Ali təhsil islahatları ekspertlərinin illik konfransı”nda (Praqa), eləcə də İsveçdə, Koreyada, Litvada və Ukraynada keçirilmiş beynəlxalq təlimlərdə təmsil olunmuşdur.

Mükafatlar və nailiyyətlər

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Təhsil nazirinin müvafiq əmri ilə MDU-nun iki əməkdaşının “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, beş əməkdaşının isə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunması kollektiv üzvləri tərəfindən böyük sevinc hissi ilə qarşılanmışdır.

Sevindirici haldır ki, Ümummilli Liderin zəngin irsinin öyrənilməsi və təbliği istiqamətində görülən işlərin nəticəsi olaraq, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə 2019-cu ildə keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışında MDU 8-ci yeri tutmaqla 49 ali təhsil müəssisəsi arasında 14-18-ci yerləri bölüşmüşdür.

Eyni zamanda, 2019/2020-ci tədris ili üçün keçirilən qəbul imtahanlarında yüksək bal toplamış dörd tələbəmiz Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi “Gələcəyin müəllimi” təqaüdünə layiq görülmüşdür.

Bundan başqa, MDU-nun “Qarabağ” komandası “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən digər tərəfdaşlarla birlikdə keçirilmiş “Mingəçevir Gənclərinin Regional Debat Forumu: Payız 2019” yarışının qalibi olmuşdur.

Layihəməqsədli fəaliyyətin və təşəbbüskarlığın dəstəklənməsi nəticəsində universitetimizin dörd tələbəsi və bir əməkdaşı Azərbaycan Respublikasının Gənclər Fondunun 13-cü qrant müsabiqəsinin qalibləri olmuşlar.

Əlavə olaraq, MDU tələbəsi BP Şirkəti tərəfindən “Azəri-Çıraq-Günəşli” layihəsinin 25 illiyi münasibətilə keçirilən müsabiqənin ölkə üzrə üç qalibindən biri seçilmişdir.

Birgə əməkdaşlıqdan yaranan enerji

Yeni dövrün reallıqlarına və kreativ düşüncəli tələbə kontingentinin istəklərinə uyğunlaşmağa çalışdığımız fəaliyyətimizdə dövlətimizin, o cümlədən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Mingəçevir şəhər İcra Hakimiyyətinin və digər tərəfdaşlarımızın davamlı dəstəyindən faydalanırıq. Məhz bu dəstək və qarşılıqlı faydalı əməkdaşlıq formulu elm, təhsil və innovasiyaların üzvi vəhdətinə əsaslanan müasir və rəqabətqabiliyyətli universitetin qurulmasına şərait yaradır.

Şahin BAYRAMOV,

Mingəçevir Dövlət Universitetinin rektoru

{phocagallery view=category|categoryid=310|limitstart=0|limitcount=0}