Mingəçevir Dövlət Universitetində “Şəxsi inkişaf və karyera planlaşdırılması” adlı təlimlərə start verilib

Mingəçevir Dövlət Universitetində “Şəxsi inkişaf və karyera planlaşdırılması” adlı təlimlərə start verilib

 

2021-ci ilin 9 avqust tarixində Mingəçevir Dövlət Universitetində (MDU) bir qrup mingəçevirli könüllü gənclər üçün “Şəxsi inkişaf və karyera planlaşdırılması” adlı təlimlərə start verilib. Avqustun 12-dək davam edəcək üçgünlük proqram çərçivəsində MDU-nun təcrübəli akademik və inzibati heyət üzvləri tərəfindən müxtəlif mövzularda təlimlərin keçirilməsi nəzərdə tutulub.

İlk təlim günündə “Komanda ilə işləmə bacarıqları” mövzusunda çıxış edən   MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Cəlil Bağırov komandada işin təşkili və bölgüsü, sosial məsuliyyət, hədəflərin düzgün seçilməsi, fərdi və komanda xüsusiyyətlərinin formalaşması, uğura gedən yol və karyera planlaşdırılmasının mərhələlərindən söhbət açıb.

Daha sonra, “Karyera və şəxsi inkişaf” mövzusunda çıxış edən Humanitar fənlər kafedrasının müəllimi Şəlalə Quliyeva fərdin şəxsi inkişafı üçün zəruri olan meyarlar, cəmiyyətə faydalılıq və karyera inkişafı baxımından diqqət yetiriləsi məqamlar haqqında danışıb.

Proqrama uyğun olaraq növbəti günlərdə, MDU-nun gənc akademik heyət üzvlərindən Aytac Cavadova “Effektiv ünsiyyət” və “MDU-da təhsil almağın üstünlükləri”, Şəlalə Quliyeva “Əmək bazarı”, Cəlil Bağırov “Təqdimat bacarıqları”, Nərgiz Həsənova “Bədən dili” mövzusunda təlimləri davam etdirəcəklər.

Qeyd edək ki, şəhər və ətraf rayonların tərəqqisinə davamlı töhfə verməyi strateji hədəflərindən biri kimi müəyyən edən MDU-da tələbə və əməkdaşlarla yanaşı, yerli gənclərin potensialının hərtərəfli inkişafına xidmət edən müvafiq tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.

{phocagallery view=category|categoryid=661|limitstart=0|limitcount=0}