Mingəçevir Dövlət Universitetinin 15 yaşlı ən gənc tələbəsi

Mingəçevir Dövlət Universitetinin 15 yaşlı ən gənc tələbəsi

 

Mingəçevir Dövlət Universitetinə qəbul olan tələbələrin qeydiyyatı davam edir. Məlum olduğu kimi qeydiyyat avqust ayının 15-dən başlanıb. 2019-2020-ci tədris ili üçün universitetə 23 ixtisas üzrə 770 plan yerinə 726 nəfər (94,28%) qəbul olunub.

Avqustun 24-nə olan məlumata görə, universitetdə 543 nəfər tələbə qeydiyyatdan keçib ki, onlardan 116 nəfəri dövlət sifarişi əsasında təhsil alacaq tələbələrdir.

2019-2020-ci tədris ili üçün universitetə qəbul olan tələbələr arasında ən gənci 15 yaşlı Elcan Elmir oğlu Əlizadədir. “Turizm və otelçilik” ixtisasına dövlət sifarişilə qəbul olan Elcan Əlizadə ilə müsahibəni təqdim edirik.

– Özünüz haqqında məlumat verməyinizi istərdik…

Mən, Elcan Əlizadə Mingəçevir şəhər Rüstəm Qəhrəmanov adına 14 saylı məktəbi bitirmişəm. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi II qrup üzrə imtahanda iştirak edərək, Mingəçevir Dövlət Universitetinə “Turizm və otelçilik” ixtisasına dövlət sifarişili yerə 289 balla qəbul olmuşam.  

– Qəbul imtahanı necə keçdi?

Düşünürdüm çətin olar, lakin sərbəst, rahat idim. Amma hər halda imtahandır, həyəcansız olmur. Riyaziyyatdan sonuncu suallar, yəni açıq tipli suallar çox çətin idi. Daha yüksək uğura nail olmaq arzusunda olsam da, əldə etdiyim nəticə pis olmadı və istədiyim ixtisası əldə edə bildim, özü də dövlət sifarişli yerə.

– Gələcəyə dair planlarınız?

Gələcək planlarıma gəlincə, bakalavr səviyyəsində təhsilimi başa vuraraq, magistraturaya qəbul olmaq istəyirəm. Öz sahəmin peşəkarı, kamil mütəxəssis kimi yetişmək istəyirəm.

– Niyə məhz MDU-nu seçdiniz və bu seçimi etdikdə hansı məqsədləri qarşınıza qoydunuz?

Mən seçim etməzdən əvvəl kifayət qədər araşdırma aparmışam. Dost və tanışlarımdan da Mingəçevir Dövlət Universitetində təhsil alanlar var. Onlar da bu ali məktəbdə tədrisin olduqca yüksək səviyyədə olduğunu deyirlər. Ən vacibi burada biliyə dəyər verilir. İmtahanlar şəffaf keçirilir. Təbii ki, bütün bunlar seçimi qətiləşdirməyimə kömək oldu. Məncə, II qrup üzrə ən yaxşı universitet Mingəçevir Dövlət Universitetidir.

Qeyd edək ki, ötən tədris ili üçün ali məktəblərə qəbulla bağlı keçirilən imtahanlarda respublika üzrə ən yaşlı tələbə adını qazanan 57 yaşlı Şəki sakini Rəhman Cəlilov Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində təhsil almaq hüququ qazanıb.