Mingəçevir Dövlət Universitetinin əməkdaşları üçün Web of Science elmi məlumat bazası haqqında seminar keçirilib

2020-ci ilin 25 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları üçün Web of Science elmi məlumat bazası haqqında seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən seminar dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan Clarivate Analytics şirkəti tərəfindən təşkil olunub.

MDU-nun 70-dən artıq əməkdaşının qatıldığı seminarın təlimçisi qismində Clarivate Analytics şirkətinin beynəlxalq sertifikatlı eksperti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) dosenti Valeriya Kurmakayeva çıxış edib. Tədbirin moderatoru Clarivate Analytics şirkətinin Azərbaycandakı nümayəndəsi Sevinc Cəfərova olub.

MDU əməkdaşları tərəfindən böyük maraqla qarşılanan seminarda Web of Science platformasının xüsusiyyətləri, sözügedən bazanın təqdim etdiyi imkanlar və nüfuzlu beynəlxalq elmi jurnallarda məqalə nəşr etdirilməsi məsələləri haqqında ətraflı məlumat verilib.

Seminarda MDU əməkdaşlarının mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, ölkəmizin ali təhsil müəssisələrində elmi fəaliyyətin təkmilləşdirilməsi və Azərbaycan alimlərinin beynəlxalq elmi məlumat bazalarına çıxışını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Clarivate Analytics şirkəti arasında əməkdaşlığın əsası 2015-ci ildə qoyulub. 2019-cu ildə MDU-da aparılan struktur islahatları çərçivəsində yaradılmış Elm və innivasiyalar şöbəsinin əsas vəzifələrindən biri məhz universitet əməkdaşlarının Web of Science platformasının imkanlarından faydalanmasını təmin etməkdir.