Tələbələrin təcrübə imkanları genişləndirilir: MDU beş qurumla yeni Əməkdaşlıq Memorandumu imzaladı

2025-ci ilin 24 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) ev sahibliyi ilə “Regional Universitet-Sənaye Birliyi Sammiti 2025” tədbiri keçirilib. Sammit çərçivəsində universitetin tələbələrinin təcrübə və gələcək karyera imkanlarının genişləndirilməsi istiqamətində 5 qurumla yeni Əməkdaşlıq Memorandumu imzalanıb.

Yeni əməkdaşlıqlar Dövlət Məşğulluq Agentliyi (DMA), Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan HR İnstitutu və Proqress Təlim və Tədris Mərkəzi ilə rəsmiləşdirilib.

Əməkdaşlıq Memorandumlarını MDU-nun rektoru Anar Eminov ilə birlikdə DMA-nın İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə, AKTA-nın icraçı direktoru Rauf Cabbarov, ASK-nın Baş katibi Ziya Hacılı, Azərbaycan HR İnstitutunun təsisçi direktoru Emil Hüseynov və Proqress Təlim və Tədris Mərkəzinin nümayəndəsi prof. Mayıs Əliyev imzalayıb.

İmzalanan memorandumlar universitetlə tərəfdaş qurumlar arasında birgə layihələrin, təcrübə proqramlarının və elmi-tədqiqat təşəbbüslərinin həyata keçirilməsini, həmçinin gənclərin məşğulluq və innovasiya potensialının artırılmasını nəzərdə tutur.

Əməkdaşlıqlar çərçivəsində tələbələrin peşəkar inkişafına yönəlmiş praktiki təlimlər, startap və innovasiya layihələri, insan resursları və kibertəhlükəsizlik sahəsində müasir yanaşmaların tətbiqi planlaşdırılır. Bundan əlavə, tərəfdaş qurumların ekspertləri tərəfindən universitetdə seminarlar və ustad dərslərinin təşkili nəzərdə tutulur.

Sammitin “Regiondan Qlobala” konsepsiyasına uyğun olaraq atılan bu addım, universitetlərin yalnız təhsil ocağı deyil, həm də regionlarda iqtisadi və innovativ inkişaf mərkəzi kimi formalaşmasına xidmət edir.