“Regional Universitet-Sənaye Birliyi Sammiti 2025” çərçivəsində master-klass sessiyaları təşkil edilib

  • Post category:Karyera

Mingəçevir Dövlət Universitetinin ev sahibliyi ilə keçirilmiş “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” çərçivəsində müxtəlif sahələri əhatə edən maarifləndirici master-klass sessiyaları təşkil olunub.

Sammitin məqsədinə uyğun olaraq keçirilən bu interaktiv görüşlər tələbə və magistrantların real biznes mühiti, innovativ idarəetmə, karyera planlaşdırması və yaşıl inkişaf istiqamətləri barədə biliklərini artırmağa yönəlib.

“Mutfakçı” şirkətinin rəhbəri İlkin Manafov “Brendinqin mətbəxi” mövzusunda çıxışında məhsul və xidmətlərin bazarda tanıdılması, müştəri etibarının formalaşdırılması və yaradıcı yanaşmaların vacibliyindən bəhs edib. O, real brend təcrübələri üzərindən auditoriyaya praktik nümunələr təqdim edərək, brend quruculuğunda emosional bağın roluna toxunub.

“Resource HUB” MMC-nin direktoru Gülnarə İsmayılova “Karyeranı qur: Azərbaycandan dünyaya açılan fürsətlər” mövzusunda təqdimatla çıxış edib. O, müasir əmək bazarının tələbləri, xarici təcrübə proqramları və onlayn karyera platformalarının verdiyi imkanlar barədə danışıb. Gənclərə düzgün karyera planı qurmaq, bacarıqlarını inkişaf etdirmək və özlərini beynəlxalq mühitdə reallaşdırmaqla bağlı tövsiyələr verib.

Master-klasslar gənclər tərəfindən böyük maraqla qarşılanıb. Sessiyalar zamanı iştirakçılar çıxışçılara suallar ünvanlayıb, şəxsi inkişaf, startap menecmenti və peşəkar yönləndirmə ilə bağlı interaktiv müzakirələr aparıblar.