Mingəçevir Dövlət Universitetində (MDU) Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Müəllimlər gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitetin kollektivi bir araya gələrək, bu müqəddəs bayramı təntənə ilə qeyd ediblər. Rektor vəzifəsini icra edən Üzeyir Zeynalov tədbirdə çıxış edərək müəllimləri peşə bayramı münasibətilə təbrik edib.

Üzeyir Zeynalov müəllimlik peşəsinin müqəddəsliyindən danışıb. Üzeyir müəllim nitqində – “Müəllim olmaq sadəcə peşə deyil, bu bir missiyadır. Hər bir müəllim gələcək nəsillərin formalaşmasında, dəyərli insanları yetişdirməkdə böyük öhdəlik daşıyır. Bu öhdəlik vicdanla, məsuliyyətlə daşındıqda, cəmiyyətin inkişafı çağırışlarına cavab verən güclü insan yetişdirilir” deyə vurğulayıb.

Bayram hədiyyəsi olaraq universitetin əməkdaşlarına 200 manat dəyərində birdəfəlik mükafat verilib.

Möhtəşəm tədbir müəllim və tələbələrin dostluq çay süfrəsi ətrafında tələbələrin musiqi ifaları ilə davam etdirilib. Gözəl musiqilər, tələbələrin həvəslə ifa etdikləri mahnılar və şirin söhbətlər tədbirə özünəməxsus abu-hava qatıb.

Səmimiyyətlə dolu keçən müəllimlər günü tədbiri universitet ailəsinin birlik, həmrəylik və peşəkar heyətin gələcəyə inamını daha da gücləndirib ki, bu da onların zəhmətinin ən gözəl bəhrəsidir.