Sağlam Torpaqdan Güclü Gələcəyə: Dayanıqlı Ekosistemlərə Doğru Maarifləndirici Addım

Mingəçevir Dövlət Universitetinin Fizika və ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova tərəfindən “Torpaq ekosistemlərinin dayanıqlı idarəolunması prinsipləri” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlim Oğuz rayonunun Xaçmaz kənd 3 saylı tam orta məktəbində təşkil olunub və məktəblilərin fəal iştirakı ilə baş tutub. Tədbirin əsas məqsədi torpaq resurslarının qorunması, ekoloji tarazlığın saxlanılması və dayanıqlı yanaşmaların erkən yaşlardan aşılanması istiqamətində maarifləndirmənin gücləndirilməsi olub.

Təlim zamanı torpaq ekosistemlərinin əhəmiyyəti, onların deqradasiyasına səbəb olan amillər, düzgün torpaq istifadəsi və mühafizə üsulları barədə ətraflı məlumat verilib. Eyni zamanda, kənd təsərrüfatında ekoloji yanaşmalar, torpaq münbitliyinin qorunması və biomüxtəlifliyin davamlılığının təmin olunması məsələləri müzakirə edilib.

İnteraktiv formatda keçirilən təlimdə məktəblilər mövzu ətrafında suallar ünvanlayıb, fikir mübadiləsi aparıb və ekoloji məsuliyyətin gündəlik həyatdakı rolu barədə məlumatlandırılıblar.

Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti tərəfindən həyata keçirilən bu kimi təşəbbüslər gənc nəslin ekoloji düşüncə tərzinin formalaşdırılmasına, təbiətə məsuliyyətli münasibətin təşviqinə və cəmiyyət üçün faydalı davranış modellərinin inkişafına xidmət edir.