Mingəçevir Dövlət Universitetinin tələbəsinin təşəbbüsü ilə “Özünü tanı, cəmiyyətə dəyər qat” layihəsinin icrasına start verilib

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş “Təhsildə qrantlar” müsabiqəsinin qalibi olan “Özünü tanı, cəmiyyətə dəyər qat” layihəsinin icrasına Oğuz rayonunda start verilib. Layihənin təşəbbüskarı Mingəçevir Dövlət Universitetinin tələbəsi Emil Şükürovdur.

Layihə çərçivəsində Oğuz rayonunun Xaçmaz kənd tam orta məktəbində təşkil olunan təqdimat tədbirində məktəbin direktoru Aynurə Səfərova, məktəbin psixoloqu Aynur Rəsulova və layihənin eksperti Aynur Quliyeva çıxış edərək iştirakçılara layihənin məqsəd və vəzifələri barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, təşəbbüsün əsas məqsədi şagirdlərin elmi, yaradıcı və sosial bacarıqlarının inkişafına dəstək vermək, onların milli-mənəvi dəyərlər, vətəndaşlıq mövqeyi və müasir həyati bacarıqlar istiqamətində formalaşmasına töhfə verməkdir.

Layihə çərçivəsində şagirdlər üçün müxtəlif maarifləndirici görüşlər, müasir tədris metodlarına əsaslanan seminarlar, yaradıcı fəaliyyətlər və sosial məsuliyyətin artırılmasına yönəlmiş tədbirlərin təşkili nəzərdə tutulur. Proqramın mərhələli şəkildə həyata keçirilməsi məktəbdə təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərdə liderlik, ünsiyyət və tənqidi düşünmə bacarıqlarının inkişafına xidmət edəcək.

Eyni zamanda layihə çərçivəsində Oğuz Rayon Yaradıcılıq Mərkəzi və Oğuz Rayon Gənclər Evi ilə əməkdaşlığın həyata keçirilməsi planlaşdırılır. Bu əməkdaşlıq şagirdlərin müxtəlif praktik fəaliyyətlərə cəlb olunmasına, onların yaradıcılıq potensialının inkişafına və sosial-mədəni fəallığının artırılmasına şərait yaradacaq.

Qeyd edək ki, layihənin sonunda şagirdlərin hazırladıqları işlərin təqdimatı keçiriləcək və həyata keçirilən fəaliyyətlər üzrə analitik hesabat hazırlanacaq. Əldə olunan nəticələrin gələcəkdə təlim-tərbiyə prosesinin daha da təkmilləşdirilməsində istifadə olunması nəzərdə tutulur.