2026-cı ilin 29 iyun tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov doktorantura təhsil səviyyəsi üzrə təhsillərini Türkiyə Respublikasının ali təhsil müəssisələrində davam etdirməyə namizədlik verən universitet əməkdaşları ilə görüşüb.
Görüşün əsas məqsədi MDU əməkdaşlarının akademik inkişaf imkanlarının genişləndirilməsi, elmi potensialın artırılması, beynəlxalq təhsil və tədqiqat mühitinə inteqrasiyanın dəstəklənməsi, həmçinin universitetin kadr hazırlığı və insan kapitalının inkişafı istiqamətində həyata keçirdiyi strateji hədəflərin müzakirəsi olub.
Rektor Anar Eminov görüş zamanı bildirib ki, Mingəçevir Dövlət Universitetinin inkişaf prioritetlərindən biri yüksək ixtisaslı akademik kadrların hazırlanması, əməkdaşların elmi-tədqiqat fəaliyyətinin stimullaşdırılması və beynəlxalq akademik təcrübəyə çıxış imkanlarının artırılmasıdır. Qeyd olunub ki, Türkiyənin nüfuzlu ali təhsil müəssisələrində doktorantura təhsili almaq istəyən əməkdaşların təşəbbüsü universitet üçün mühüm əhəmiyyət daşıyır və bu proses MDU-nun beynəlmiləlləşmə, elmi fəaliyyətin gücləndirilməsi və akademik keyfiyyətin yüksəldilməsi siyasətinə uyğun gəlir.
Görüşdə doktorantura təhsilinə müraciət prosedurları, ixtisas istiqamətlərinin düzgün seçilməsi, elmi rəhbər və tədqiqat mövzularının müəyyənləşdirilməsi, xarici universitetlərlə akademik əlaqələrin qurulması, eləcə də qəbul prosesində tələb olunan sənədlər və hazırlıq mərhələləri barədə fikir mübadiləsi aparılıb.
Anar Eminov əməkdaşların elmi inkişafının universitetin gələcək inkişafına birbaşa töhfə verəcəyini vurğulayaraq, doktorantura təhsili almaq istəyən hər bir əməkdaşa məqsədyönlü fəaliyyət göstərməyi, beynəlxalq akademik mühitin tələblərinə uyğun hazırlaşmağı və əldə edəcəkləri bilik və təcrübəni gələcəkdə MDU-nun elmi-pedaqoji fəaliyyətinə yönəltməyi tövsiyə edib.
Səmimi və işgüzar mühitdə keçən görüşdə iştirakçıların sualları cavablandırılıb, onların təhsil və tədqiqat planları dinlənilib, mövcud imkanlar və qarşıdakı mərhələlər müzakirə olunub.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində akademik heyətin peşəkar inkişafının dəstəklənməsi, beynəlxalq təhsil imkanlarından faydalanması və elmi-tədqiqat potensialının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.