Dayanıqlı inkişaf və məsuliyyətli istehlak təşviq olunur: MDU-da qida israfının azaldılması mövzusunda maarifləndirici kampaniya keçirilib

Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasında Dayanıqlı İnkişaf Məqsədləri (SDG) üzrə həyata keçirilən fəaliyyətlər çərçivəsində Mingəçevir ASAN Xidmət Mərkəzində “Qida istehlakında israfın qarşısının alınması” mövzusunda maarifləndirici kampaniya təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aran Regional bölməsinin Qeydiyyat və sahibkarlarla iş sektorunun böyük məsləhətçisi Lalə İsazadə çıxış edərək iştirakçılara qida məhsullarından səmərəli istifadə, qida itkilərinin və israfın azaldılması yolları, qida təhlükəsizliyi qaydaları və bu sahədə maarifləndirmə fəaliyyətinin əhəmiyyəti barədə geniş məlumat verib.

Çıxış zamanı qida israfının həm iqtisadi, həm də ekoloji baxımdan yaratdığı mənfi təsirlər diqqətə çatdırılıb. Qeyd olunub ki, qida məhsullarından məsuliyyətli və səmərəli istifadə resursların qorunması, ətraf mühitin mühafizəsi və davamlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qida təhlükəsizliyi və davamlı istehlak vərdişlərinin formalaşdırılmasının vacibliyi vurğulanıb, bu istiqamətdə maarifləndirmə tədbirlərinin əhəmiyyətinə diqqət çəkilib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.