Rektor Şahin Bayramovun AZƏRTAC-a müsahibəsi

Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır

 

Bakı, 15 may, AZƏRTAC

Danılmaz həqiqətdir ki, tarixi Qələbənin qazanılmasından sonra dövlətimiz tərəfindən qəbul edilən strateji qərarlar, həyata keçirilən düşünülmüş, ardıcıl və sistemli tədbirlər ölkəmizin bölgədə formalaşmış yeni siyasi mənzərədəki mövqeyini davamlı olaraq gücləndirir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində əzəli torpaqları işğaldan azad olunan, ərazi bütövlüyü təmin edilən Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılmaqda davam edir.

Bu sözləri AZƏRTACa müsahibəsində Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.

O bildirib ki, otuz il ərzində erməni vandalizminə məruz qalmış ərazilərimizin dirçəldilməsi və hərtərəfli inkişaf etdirilməsi istiqamətində atılan addımlar nəticəsində doğma Qarabağımız yaxın gələcəkdə dünyanın ən gözəl məkanlarından birinə çevriləcək.

Möhtərəm Prezidentimiz tərəfindən Qarabağa müntəzəm səfərlər edilməsi, tarixi torpaqlarımıza xüsusi qayğı və həssaslıqla yanaşılması, böyük qayıdışı özündə ehtiva edən milli prioritetlər çərçivəsində irimiqyaslı bərpa, abadlaşdırma və quruculuq işlərinə start verilməsi həmin bölgənin əsl sahibinin məhz Azərbaycan olduğunu dünya ictimaiyyətinə bir daha çatdırır.

Öz çıxışlarında “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”, eləcə də “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” fikirlərini səsləndirən ümummilli lider Heydər Əliyev Qarabağın, o cümlədən Şuşanın Azərbaycan üçün kəsb etdiyi müstəsna əhəmiyyəti yüksək qiymətləndirirdi.

“Bu gün Ulu Öndərin layiqli siyasi varisi, doğma torpaqlarımızı işğaldan azad edərək əbədiyaşar liderin vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Qarabağın incisi olan Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsini, şəhərin tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin qısa müddətdə aradan qaldırılması və tarixən mövcud olmuş mədəni ənənələrin bərpa edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini böyük qayıdışın rəmzləri kimi dəyərləndirmək olar.

Xüsusi vurğulamaq lazımdır ki, 30 ilə yaxın davam edən erməni işğalı səbəbindən uzun fasilədən sonra Azərbaycan musiqisinin beşiyi olan Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalının keçirilməsi, azərbaycanlı olaraq, hər birimizdə sonsuz fəxarət və böyük qürur hissləri yaratdı. Cıdır düzündə iki gün davam edən və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunan möhtəşəm festival, sözün əsl mənasında, tarixi Zəfərimizdə böyük pay sahibi olan milli birlik və milli həmrəyliyin bayramı kimi qeyd edildi.

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” deyən və bu istiqamətdə qətiyyətli addımlar atmaqda davam edən Prezidentimiz hər birimizdə Şuşanın və doğma Qarabağımızın bütün dilbər guşələrinin dirçəldiləcəyinə, eləcə də həmin torpaqlarda Azərbaycan xalqının əbədi yaşayacağına tam əminlik yaradıb”, – deyə rektor bildirib.