You are currently viewing Rektor: Aprel döyüşləri Azərbaycanın müasir tarixinin şanlı səhifələrindəndir (AZƏRTAC)

Rektor: Aprel döyüşləri Azərbaycanın müasir tarixinin şanlı səhifələrindəndir (AZƏRTAC)

AZƏRTAC, 05.04.2024

Tarixi Zəfərə aparan yolda mühüm addımlardan hesab edilən və erməni işğalındakı əzəli torpaqlarımızın bir hissəsinin azad olunması ilə nəticələnən Aprel döyüşlərindən 8 il ötür. 2016-cı ilin aprel ayında düşmənin növbəti təxribatına verilən cavab qətiyyətli və sarsıdıcı oldu. Aprel döyüşləri Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə davamlı güclənən Azərbaycan Silahlı Qüvvələrinin əsl gücünü nümayiş etdirdi. Azərbaycan əsgərinin misilsiz şücaət göstərdiyi və qəhrəman qardaşlarımızın şəhid olduğu bu döyüşlər hər birimizə qalibiyyət sevinci yaşatdı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.

O bildirib ki, doğma Azərbaycanın müasir tarixinin şanlı səhifələrindən olan Aprel döyüşləri “beynəlxalq hüquqa əsaslanan diplomatik danışıqlar nəticə verməsə torpaqlarımızı hərb yolu ilə azad edəcəyik” konseptinin kifayət qədər real və əsaslandırılmış olduğunu təsdiq etdi. Eyni zamanda, Aprel döyüşləri xalq-ordu-Prezident birliyinin sarsılmaz olduğunu və məhz bu birlik sayəsində düşməni istənilən zaman torpaqlarımızdan qovmağın mümkünlüyünü göstərdi.

“Aprel döyüşlərində qazanılan möhtəşəm qalibiyyət xalqımızın lazım gələndə bir yumruq kimi birləşmək bacarığını və vahid amal uğrunda inanılmaz həmrəylik nümayiş etdirmək qabiliyyətini bir daha ortaya qoymuş oldu. Əminliklə söyləmək olar ki, Aprel döyüşlərinin yaratdığı böyük inam və qələbə ruhu 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında cəmi bir gün davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində əldə olunan tarixi Zəfərimizdə mühüm paya sahibdir”, – deyə rektor vurğulayıb.

Şanlı Aprel döyüşləri və bu döyüşlərin qəhrəmanları barədə cəmiyyətimizdə maarifləndirmə fəaliyyətinin aparılmasının çox vacib olduğunu deyən Ş.Bayramov bildirib ki, bu baxımdan, ali təhsil müəssisələrinin üzərinə böyük vəzifələr düşür. O əlavə edib ki, Mingəçevir Dövlət Universiteti həm tələbələrin, həm də geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə Aprel döyüşləri haqqında silsilə tədbirlərin keçirilməsinə, Aprel döyüşləri iştirakçılarının göstərdikləri şücaətlərin gənc nəslə çatdırılmasına, bu döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanların ailələrinə xüsusi diqqət göstərilməsinə mühüm əhəmiyyət verir.