You are currently viewing Rektor Şahin Bayramovun AZƏRBAYCAN qəzetində “Əbədiyyət rəmzi” başlıqlı məqaləsi dərc olunub

Rektor Şahin Bayramovun AZƏRBAYCAN qəzetində “Əbədiyyət rəmzi” başlıqlı məqaləsi dərc olunub

“AZƏRBAYCAN” qəzeti, 30.03.2023
Qəzetin PDF versiyası

Müasir Azərbaycanın qurucusu olan Ulu Öndərimizin müəllifi olduğu azərbaycançılıq məfkurəsi dərin zəkaya, fenomenal istedada, unikal şəxsi keyfiyyətlərə və zəngin dövlətçilik təcrübəsinə malik olan dahi şəxsiyyətin xalqımız üçün yaratmış olduğu ən mühüm dəyərlərdən biridir.

Çox böyük məharətlə hazırlanmış azərbaycançılıq məfkurəsi konsepsiyası xalqımızın zəngin tarixi keçmişinə, müasir dövrün reallıqlarına və strateji inkişaf hədəflərinə əsaslanır.
Ümummilli Liderimiz dünya azərbaycanlılarının mənəvi-ideoloji həmrəyliyinin təmin olunmasını azərbaycançılıq məfkurəsinin ən mühüm komponentlərindən və həlledici amillərindən biri hesab etmişdir. Zəngin tarixi keçmişə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı tarixin müxtəlif dönəmlərində baş vermiş ərazi parçalanmaları səbəbindən coğrafi baxımdan pərakəndə yaşamaq məcburiyyətində olmuşdur. Məhz bu faktı dahiyanə peşəkarlıqla nəzərə alan Heydər Əliyevin sayəsində dünya azərbaycanlılarının mənəvi-ideoloji həmrəyliyi məsələsi tarixin heç bir dönəmində olmadığı qədər yüksək aktuallıq kəsb etdi.

Eyni zamanda müstəqil Azərbaycanın hərtərəfli və davamlı inkişafının təmin olunması və respublikamızın dünyanın siyasi xəritəsindəki mövqeyinin güclənməsi dünya azərbaycanlılarının mənəvi-ideoloji həmrəyliyinin təmin edilməsini tarixi zərurətə çevirdi.
Bu kontekstdə Ulu Öndərin əsas hədəfi Azərbaycanda və xarici ölkələrdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ətrafında sıx birliyinə və həmrəyliyinə, onların vətənimiz naminə səmərəli fəaliyyətinin təmin edilməsinə, bu istiqamətdə atılan addımların effektiv əlaqələndirilməsinə nail olmaq idi. Bu məqsədlə, Ümummilli Liderin rəhbərliyi ilə 2001-ci ilin 9-10 noyabrında Bakı şəhərində Heydər Əliyev Sarayında Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu, Azərbaycanın çoxəsrlik tarixində analoqu olmayan hadisə idi. Dünyanın harasında yaşamasından asılı olmayaraq, qəlbində Azərbaycan sevgisi olan hər kəs Ulu Öndərin tarixi çağırışına səs verərək qurultaya qatıldı. Bu hadisə bir daha sübut etdi ki, dünyada yaşayan bütün azərbaycanlıların Azərbaycan adlı Ana Vətəni var və bu Vətən hər bir azərbaycanlı üçün müqəddəsdir.

Ümummilli Liderimiz gözəl bilirdi ki, dünya azərbaycanlılarının həmrəyliyinin gücləndirilməsinin ən mühüm şərtlərindən biri yüksək intellektə, əxlaqi-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna sahib, öz tarixi keçmişinə və milli ənənələrinə sadiq, doğma xalqına, dövlətinə və dövlətçiliyinə bağlı yeni nəslin yetişdirilməsidir. Dahi şəxsiyyət bu vəzifənin reallaşdırılması baxımından təhsili alternativi olmayan vasitə hesab edirdi.
Nəzərə almaq lazımdır ki, Ulu Öndər hələ XX əsrin 70-ci illərində Azərbaycan xalqının intellektual intibahı kimi mühüm tarixi missiyanı öz üzərinə götürmüşdü. Uzaqgörən düha çox yaxşı bilirdi ki, milli dəyərlərin və insan kapitalının öz sərhədlərini aşaraq ümumbəşəri sərvətə çevrilməsi üçün təhsil daim diqqət mərkəzində saxlanılmalıdır.

Ümummilli Liderimizin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkədə formalaşdırdığı təhsil sistemi milli insan kapitalının yüksək inkişaf templərini təmin etdi. Təhsilin inkişafına yüksək diqqət və qayğı göstərən Ulu Öndər xalqın milli və dünyəvi dəyərlərə əsaslanan yeni intellektual obrazını formalaşdırmağı, doğma xalqının taleyini və həyat tərzini pozitiv məcraya yönəltməyi bacardı.

“Təhsil millətin gələcəyidir” kimi dahiyanə ifadənin müəllifi olan Ümummilli Liderimizin məhz bu prinsipə əsaslanan uğurlu təhsil siyasəti nəticəsində Azərbaycan xalqının intellektual genofondu əhəmiyyətli dərəcədə inkişaf etdi. Təhsilin uzunmüddətli perspektivdə qazandıracağı strateji faydaları düzgün qiymətləndirən dahi şəxsiyyət təhsilin inkişafına böyük önəm verməklə faktiki olaraq əsrlər boyu fiziki və intellektual terrora məruz qalmış xalqın əsl simasını, tarixi yaddaşını və milli dəyərlərini özünə qaytardı.

Ulu Öndər hər zaman tariximizi bilməyin əhəmiyyətini, tarixi özkeçmişimizə bağlılığın zəruriliyini, milli dəyərlərimizə hörmətlə yanaşmağın vacibliyini, doğma dilimizdə danışmağın önəmini, mədəni sərvətlərimizi qorumağın prioritetliyini vurğulamışdır. Xüsusi vurğulamaq lazımdır ki, Heydər Əliyev qeyd olunan bütün keyfiyyətləri özündə cəmləşdirən unikal şəxsiyyət idi. Belə ki, Ümummilli Liderimiz Azərbaycan tarixini mükəmməl bilirdi. Ulu Öndər milli dəyərlərimizə yüksək hörmətlə yanaşırdı, Azərbaycan dilində səlis danışırdı və ən əsası, bütün həyatını güclənməsinə və inkişafına həsr etdiyi Azərbaycanı öz canından çox sevirdi.
Qürurverici haldır ki, Ulu Öndərimizin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni dövrün reallıqları nəzərə alınmaqla həyata keçirilən və Azərbaycan xalqının milli maraqlarının təmin olunmasını hədəfləyən uğurlu dövlət siyasətinin məzmununda dünya azərbaycanlılarının mənəvi-ideoloji həmrəyliyinin gücləndirilməsi prioritet əhəmiyyət kəsb edir.

Bu gün milli dəyərlərə və ümumbəşəri ideallara sadiq olan Azərbaycan xalqının hər bir nümayəndəsi ərazi bütövlüyü təmin olunmuş və müstəqil dövlət olaraq davamlı qüdrətlənən Azərbaycan ilə qürur duyur. Ən əsası isə, bu gün hər birimiz döyüş meydanında düşməni məğlub edən Müzəffər Ali Baş Komandanımız, 30 ilə yaxın erməni işğalına son qoyan qalib sərkərdəmiz, ölkəmizi regionun güc mərkəzinə çevirmiş güclü liderimiz, Azərbaycanı sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun aparıcı aktorlarından biri kimi tanıtmış möhtərəm Prezidentimizlə qürur duyuruq.

Tam əminliklə söyləmək olar ki, Ümummilli Liderimizin tarixi nitqlərinin birində Azərbaycan gəncləri haqqında söylədiyi aşağıdakı fikirlər artıq reallığa çevrilib: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”.
Hər kəsin qəbul etdiyi həqiqətdir ki, Ulu Öndərin səsləndirdiyi və sonradan bütün dünya azərbaycanlılarının devizinə çevrilmiş “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” ifadəsi bu gün hər birimizdə həm sonsuz fəxarət, həm də ciddi məsuliyyət hissləri yaradır.

Bu hisslər tam təbiidir. Dünyanın başqa ölkələrində yaşayan azərbaycanlılar bu gün doğma Vətənə gələrkən həm də Şuşaya gedə bilirlərsə, onlar üçün azərbaycanlı olmağın yaratdığı qüruru və fəxarəti başa düşmək çətin deyil. Digər bir konkret misal: əgər Mingəçevir Dövlət Universitetinin 2021-ci il məzunu olan gənc hazırda işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyətə başlayan ilk təhsil müəssisəsi hesab edilən Zəngilan rayonunun Ağalı kəndində müəllim kimi çalışırsa, tələbə və müəllim heyəti üçün azərbaycanlı olmağın yaratdığı qüruru sözlə ifadə etmək mümkün deyil. Eyni zamanda doğma Qarabağımızın quruculuğunda iştirak edəcək məzunların daha yaxşı mütəxəssis və layiqli vətəndaş kimi yetişdirilməsi baxımından bu fakt azərbaycanlı olmağın yaratdığı məsuliyyət hissini əhəmiyyətli dərəcədə artırır.

Əminliklə söyləmək olar ki, Müzəffər Ali Baş Komandanın və rəşadətli Azərbaycan əsgərinin sayəsində 44 günlük Vətən müharibəsində qazandığımız tarixi zəfər dünya azərbaycanlılarının mənəvi-ideoloji həmrəyliyinin gücləndirilməsi baxımından mühüm nailiyyətdir. Bu zəfəri qazanan şəhid qardaşlarımızı böyük ehtiramla anır, onlara Allahdan rəhmət diləyirik. Tarixi zəfərin əldə olunmasında pay sahibi olan qazi qardaşlarımıza şəfa arzulayır, Vətən müharibəsinin bütün iştirakçılarına təşəkkür edirik.
Xüsusi vurğulamaq lazımdır ki, bu gün azərbaycanlı olmaq, sonsuz fəxarət hissi keçirmək deməkdir. Azərbaycanlı olmaq, ərazi bütövlüyü təmin edilmiş ölkənin vətəndaşı olmaq deməkdir. Azərbaycanlı olmaq, Azərbaycan adlı Vətənin bir parçası olmaq deməkdir. Azərbaycanlı olmaq, Ümummilli Liderin ideyalarına sadiq olmaq deməkdir. Azərbaycanlı olmaq, möhtərəm Prezidentin ətrafında sıx birləşmək deməkdir.

Şahin BAYRAMOV
Mingəçevir Dövlət Universitetinin rektoru