Mingəçevir Dövlət Universiteti yaşıl nəqliyyat və elektromobil infrastrukturunu genişləndirir: RiverSide Hotel ilə əməkdaşlıq haqqında Memorandum imzalanıb

2026-cı ilin 8 may tarixində Mingəçevir Dövlət Universiteti dayanıqlı inkişaf, ekoloji məsuliyyət və yaşıl kampus strategiyası çərçivəsində şəhərdə fəaliyyət göstərən Riverside Hotel ilə elektrikli nəqliyyat vasitələrinin enerji ilə doldurulması sahəsində əməkdaşlıq müqaviləsi imzalayıb.

İmzalanmış əməkdaşlıq çərçivəsində universitet əməkdaşları, tələbələr və şəhər sakinləri üçün elektrikli avtomobil, skuter və digər ekoloji nəqliyyat vasitələrinin enerji ilə təmin olunmasına dəstək göstəriləcək. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, Riverside Hotel ərazisində yerləşən enerji doldurma imkanlarından MDU-nun yaşıl nəqliyyat təşəbbüsləri çərçivəsində istifadə olunacaq.

Qeyd olunub ki, bu əməkdaşlıq universitetin karbon emissiyalarının azaldılması, alternativ enerji istifadəsinin təşviqi və ekoloji nəqliyyat mədəniyyətinin formalaşdırılması istiqamətində həyata keçirdiyi fəaliyyətlərin mühüm tərkib hissəsidir.

Bildirilib ki, universitet son dövrlərdə yaşıl kampus konsepsiyası üzrə bir sıra təşəbbüslər həyata keçirir. Elektrikli nəqliyyat vasitələrinin istifadəsinin təşviqi, enerji səmərəliliyinin artırılması və ekoloji dayanıqlılığın gücləndirilməsi MDU-nun strateji inkişaf prioritetləri sırasında xüsusi yer tutur.