Mingəçevir Dövlət Universitetində dayanıqlı enerji idarəçiliyinə töhfə verən yeni addımlar atılır

  • Post category:MSU News

Mingəçevir Dövlət Universitetində  enerji səmərəliliyinin artırılması və dayanıqlı kampus mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ardıcıl şəkildə davam etdirilir. Universitetdə enerji sərfiyyatının optimallaşdırılması məqsədilə sensorlu LED işıqlandırma sistemlərinin sayının artırılması üzrə növbəti mərhələyə start verilib.

Həyata keçirilən işlər çərçivəsində universitetin tədris binalarında, inzibati korpuslarında, dəhlizlərdə və ümumi istifadə sahələrində müasir sensorlu LED işıqlandırma sistemləri quraşdırılır. Hərəkətə həssas texnologiya əsasında fəaliyyət göstərən bu sistemlər yalnız istifadə zamanı aktivləşərək elektrik enerjisindən daha səmərəli istifadəyə imkan yaradır və enerji itkisinin minimuma endirilməsinə xidmət edir.

Tətbiq olunan yeni işıqlandırma həlli universitetdə enerji qənaətinin artırılması ilə yanaşı, karbon emissiyalarının azaldılması və ekoloji dayanıqlılığın gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, LED texnologiyasının uzunömürlü, təhlükəsiz və ekoloji baxımdan daha dayanıqlı olması kampus daxilində yaşıl idarəetmə prinsiplərinin inkişafına töhfə verir.

MDU-da həyata keçirilən bu təşəbbüs universitetin “Yaşıl Kampus” strategiyası, resurslardan səmərəli istifadə siyasəti və beynəlxalq dayanıqlı inkişaf hədəflərinə uyğun institusional yanaşmasının tərkib hissəsidir. Görülən işlər həmçinin universitetin beynəlxalq “UI GreenMetric World University Rankings” platformasının enerji və iqlim dəyişikliyi meyarları üzrə göstəricilərinin gücləndirilməsinə xidmət edir.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində son dövrlərdə enerji idarəçiliyi, yaşıl infrastruktur, alternativ nəqliyyat imkanları, biomüxtəlifliyin qorunması və ekoloji maarifləndirmə istiqamətlərində həyata keçirilən layihələr universitetin dayanıqlı və ekoloji məsuliyyətli ali təhsil modeli kimi inkişafını dəstəkləyir.