Payız semestrinin imtahan sessiyası uğurla başa çatıb

Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin payız semestrinin 05 yanvar tarixində başlayan imtahan sessiyası 01 fevral 2023-cü il tarixində uğurla başa çatıb. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar əyani formada şifahi şəkildə təşkil olunub.

İmtahan sessiyasında bakalavriat səviyyəsində 178 qrup üzrə 3341 tələbənin ümumilikdə 934 imtahanda iştirakı nəzərdə tutulmuşdu. Müvəffəqiyyət göstəricisi 95,4%, keyfiyyət göstəricisi isə 40,6% olub. Tələbələr tərəfindən Apellyasiya Komissiyasına müraciət daxil olmayıb.

Magistratura səviyyəsində 29 qrup üzrə ümumilikdə 133 imtahan keçirilib. Magistrantların müvəffəqiyyət göstəricisi 99,0%, keyfiyyət göstəricisi isə 81,5% olub.

Növbəti semestr başlayanadək mövcud qanunvericiliyin tələbləri gözlənilməklə akademik borcu qalan tələbələrə təkrar imtahan vermək üçün şərait yaradılıb.

Azərbaycan Respublikasının Elm və təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan sessiya ərzində İmtahan Qərargahının, “Qaynar xətt”in və Apellyasiya Komissiyasının fəaliyyəti təmin olunub. “İmtahanlara dəstək qrupu” imtahan prosesinin səmərəli təşkilində yaxından iştirak edib. Valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahan sessiyasında iştirakı təmin edilib. Hər həftə keçirilən “Açıq qapı” Günündə universitetin rektoru tələbələri və valideynləri maraqlandıran sualları cavablandırıb.