MDU kollektivi şəhid məzunun dəfnində iştirak edib

2022-ci ilin sentyabrın 16-da Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları bu ali təhsil müəssisəsinin şəhid məzunu İsgəndərov Qorxmaz İsgəndər oğlu ilə vida mərasiminə qatılıblar. Ağcabədi rayonunun Taxtakörpü ərazisində keçirilən vida mərasimində Laçın Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, veteranlar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidin nəşi yaylım atəşi altında torpağa tapşırılıb və tabutun üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub. Sonra, hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, əslən Laçından olan Q.İsgəndərov 2017-2021-ci illərdə MDU-da “Sənayenin təşkili və idarə edilməsi” ixtisası üzrə bakalavr təhsili alıb. Ali təhsilini başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanıb. Sonradan leytenant rütbəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olaraq xidmətini davam etdirib. O, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhidlik zirvəsinə ucalıb.