Sıfır Emissiyadan Dayanıqlı Şəhərlərə: MDU müəlliminin Mübadilə Proqramı Çərçivəsində Maarifləndirici Təlimi

Mingəçevir Dövlət Universitetinin Fizika və ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova Orhun Mübadilə Proqramı çərçivəsində Özbəkistanda olduğu müddətdə məktəblilər üçün “Şəhər səviyyəsində sıfır emissiya siyasətinin tətbiqi” mövzusunda maarifləndirici təlim keçirib.

Təlimin əsas məqsədi şəhər mühitində karbon emissiyalarının azaldılması, ekoloji dayanıqlığın gücləndirilməsi və gənc nəslin iqlimə həssas yanaşmasının formalaşdırılması olub. Tədbir çərçivəsində iştirakçılara sıfır emissiya yanaşmasının əsas prinsipləri, şəhər planlaşdırılmasında yaşıl həllərin rolu və ekoloji siyasətlərin tətbiqi istiqamətində müasir tendensiyalar barədə ətraflı məlumat verilib.

Təlim zamanı enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrinin tətbiqi, nəqliyyat sektorunda emissiyaların azaldılması və yaşıl infrastrukturun inkişafı kimi mühüm istiqamətlər müzakirə olunub. Eyni zamanda, şəhər səviyyəsində həyata keçirilə biləcək praktik tədbirlər və beynəlxalq təcrübələr iştirakçıların diqqətinə çatdırılıb.

İnteraktiv formatda təşkil olunan təlimdə məktəblilər mövzu ətrafında aktiv iştirak edib, suallar ünvanlayıb və ekoloji məsuliyyətin gündəlik həyatdakı əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin beynəlxalq proqramlar çərçivəsində həyata keçirdiyi bu kimi təşəbbüslər gənclər arasında ekoloji düşüncə tərzinin formalaşdırılmasına, qlobal çağırışlara uyğun yanaşmaların təşviqinə və dayanıqlı inkişaf dəyərlərinin geniş yayılmasına xidmət edir.