Mingəçevir Dövlət Universitetində Fizika və Ekologiya kafedrası tərəfindən təşkil olunmuş təlimdə müasir dövrün ən aktual ekoloji və texnoloji çağırışlarından biri olan “Tullantıdan resursa: Waste-to-Resource (WTR) texnologiyaları” mövzusu geniş müzakirə edilib. Təlimi kafedranın müəllimi Aysel Bayramova həyata keçirib.
Təlim zamanı müasir iqtisadi və ekoloji yanaşmalar kontekstində xətti iqtisadiyyat modelindən dairəvi iqtisadiyyat modelinə keçidin elmi əsasları iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, maddənin saxlanılması qanununun iqtisadi müstəvidə tətbiqi tullantıların yalnız utilizasiya edilən material deyil, həm də alternativ enerji və xammal mənbəyi kimi qiymətləndirilməsinə imkan yaradır.
Təlim çərçivəsində tullantıların səmərəli idarə olunması və yenidən dəyərə çevrilməsi istiqamətində piroliz, qazlaşdırma və anaerob parçalanma kimi mühüm termodinamik proseslər haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, bu proseslər tullantıların sadəcə zərərsizləşdirilməsini deyil, eyni zamanda onların yüksək keyfiyyətli xammal və enerji resurslarına çevrilməsini təmin edir.
Xüsusilə region üçün strateji əhəmiyyət kəsb edən aqrar tullantıların biokütlə peletinə və bio-kömür materialına çevrilməsi metodları barədə məlumat təqdim olunub. Vurğulanıb ki, bu istiqamət gələcəyin mühəndisləri və ekoloqları üçün yeni tədqiqat imkanları və innovativ startap təşəbbüslərinin formalaşmasına geniş perspektivlər yaradır.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində ekoloji maarifləndirmə, dayanıqlı inkişaf və innovativ texnologiyaların təşviqi istiqamətində mütəmadi olaraq müxtəlif elmi və maarifləndirici tədbirlər təşkil olunur.