2026-cı ilin 12 yanvar tarixində Mingəçevir Dövlət Universitetinin Ömürboyu Təhsil Məktəbinin təşkilatçılığı ilə “Turizmdə ətraf mühitə uyğun biznes təcrübələri” mövzusunda seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən hibrid formada təşkil edilmiş seminarda Mingəçevir Dövlət Universitetinin bir qrup müəllimi və tələbələri iştirak edib.
Seminarda Türkiyənin Ankara Hacı Bayram Veli Universitetinin professoru Evren Güçer təqdimatla çıxış edib. Prof. E.Güçer çıxışında turizm və biznes fəaliyyətinin ətraf mühitə təsiri, dayanıqlı inkişaf prinsipləri və ekoloji məsuliyyətli idarəetmənin əhəmiyyəti barədə danışıb. O, resurslardan səmərəli istifadə, tullantıların azaldılması və “Azalt–Yenidən istifadə et–Geri dönüşüm et” prinsiplərinin tətbiqinin vacibliyini vurğulayıb.
Seminarın əsas məqsədi tələbələri turizm sektorunda fəaliyyət göstərən müəssisələrin ətraf mühitə təsirinin azaldılması, dayanıqlı inkişaf prinsiplərinin tətbiqi və “yaşıl biznes” yanaşmasının təşviqi ilə bağlı məlumatlandırmaq olub.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.
Qeyd edək ki, MDU-nun Ömürboyu Təhsil Məktəbi tərəfindən seminarlar silsilə formasında davam etdiriləcəkdir.