“Urban Vision Mingəçevir 2026” hakatonunun qalibləri mükafatlandırılıb

Mingəçevir Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən “Urban Vision Mingəçevir 2026” startap hakatonunun qaliblərinin mükafatlandırma mərasimi baş tutub. Tədbir universitetin Ömürboyu Təhsil Məktəbinin təşkilatçılığı və tərəfdaş dəstəyi ilə həyata keçirilib.

Qeyd edək ki, 4 mart 2026-cı il tarixində keçirilən hakatonda universitet tələbələri tərəfindən 28 startap layihəsi təqdim olunub. Layihələr ağıllı şəhər həlləri, süni intellekt, ekoloji dayanıqlılıq, enerji effektivliyi və sosial innovasiyalar kimi istiqamətləri əhatə edib.

Münsiflərin qərarına əsasən I yerə “VoltVision”, II yerə “SmartKür” və “Enactus”, III yerə isə “Helpex” və “Ecogrid” komandaları layiq görülüb.

Mərasimdə Həmkarlar İttifaqı Komitəsinin sədri Elçin Tağıyev qalib komandalara sertifikat və hədiyyələr təqdim edib. Ömürboyu Təhsil Məktəbinin direktoru Vəfa Məhərrəmova və bölmə rəhbəri Elvin Muradzadə çıxış edərək layihələrin əhəmiyyətini vurğulayıblar.

“Urban Vision Mingəçevir 2026” hakatonu gənclərin innovativ potensialının üzə çıxarılması, şəhər mühitinin davamlı inkişafına töhfə verilməsi və universitet-şəhər-özəl sektor əməkdaşlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.