2025-ci ilin 26 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsinin təşkilatçılığı ilə tanınmış tərcüməçi, pedaqoq, yazıçı və filologiya elmləri doktoru, professor Şahin Xəlilinin iştirakı ilə “Britaniya və Azərbaycan ədəbi əlaqələri və tərcümə” mövzusunda onlayn ustad dərsi təşkil olunub.
“Microsoft Teams” platforması üzərindən keçirilən tədbirdə Təhsil fakültəsinin “Xarici dil müəllimliyi” və “Dil və ədəbiyyatı müəllimliyi” ixtisasları üzrə təhsil alan tələbələr iştirak ediblər.
Ustad dərs zamanı professor Şahin Xəlili Britaniya və Azərbaycan ədəbiyyatları arasında mövcud ədəbi əlaqələrin tarixi və inkişaf mərhələləri, bu əlaqələrin formalaşmasında tərcümənin rolu, eləcə də tərcümənin mədəniyyətlərarası dialoqun inkişafındakı əhəmiyyəti barədə ətraflı məlumat verib. Eyni zamanda, bədii mətnlərin tərcüməsi prosesində qarşıya çıxan əsas çətinliklər, adekvatlıq və ekvivalentlik məsələləri praktiki nümunələr əsasında izah olunub.
Onlayn ustad dərsi interaktiv formatda davam edib, tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb və geniş müzakirələr aparılıb. Tədbir tələbələrin tərcümə və filologiya sahəsində bilik və bacarıqlarının artırılması, eləcə də beynəlxalq ədəbi əlaqələr barədə təsəvvürlərinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.