Mingəçevir Dövlət Universitetində “Suveren Gənclik: 44 Günün Qəhrəmanları” layihəsinin icrasına start verilib

Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Suveren Gənclik: 44 Günün Qəhrəmanları” layihəsinin icrasına başlanılıb. Mingəçevir Dövlət Universiteti (MDU) və universitetin Tələbə Gənclər Təşkilatının tərəfdaşlığı ilə həyata keçirilən layihə gənclər arasında dövlətçilik dəyərlərinin təşviqi və vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədi daşıyır.

Layihənin əsas məqsədi Azərbaycan Respublikasının dövlət suverenliyinin möhkəmləndirilməsi, Konstitusiya dəyərlərinin gənclər arasında təbliği, eləcə də 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin mahiyyətinin və milli əhəmiyyətinin gənc nəsil tərəfindən daha dərindən dərk olunmasına töhfə verməkdir. Eyni zamanda layihə çərçivəsində gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi, dövlətçilik düşüncəsinin formalaşdırılması və milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi əsas prioritet istiqamətlər kimi müəyyən olunub.

Layihənin ilk mərhələsi çərçivəsində “Azərbaycan Dövlət Suverenliyi: tarixi yolu və bu günü” mövzusunda maarifləndirici təlim təşkil edilib. Təlim zamanı Azərbaycanın dövlət müstəqilliyinin bərpası, suverenliyin əldə olunması və qorunması istiqamətində keçilən tarixi yol, müasir dövrdə suverenlik anlayışının siyasi və hüquqi aspektləri, həmçinin postmüharibə dövründə ölkəmizin milli maraqlarının qorunması məsələləri geniş şəkildə təhlil olunub.

Tədbirdə “Azərbaycan müəllimi” qəzetinin region üzrə təmsilçisi Aynur Araz və Mingəçevir Dövlət Universitetinin sosial məsələlər üzrə rektor müşaviri Elvin Məmmədzadə qonaq qismində iştirak ediblər. Təlim Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, politoloq İnqlab Şirinli tərəfindən aparılıb. Təlimçi çıxışı zamanı gənclərlə interaktiv müzakirələr apararaq suveren dövlət anlayışının yalnız hüquqi sənədlərlə deyil, eyni zamanda milli şüur, ictimai məsuliyyət və fəal vətəndaş mövqeyi ilə möhkəmləndiyini vurğulayıb. Gənclərin sualları ətrafında aparılan diskussiyalar təlimin praktiki əhəmiyyətini daha da artırıb.

Qeyd edək ki, “Suveren Gənclik: 44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində növbəti mərhələlərdə tematik təlimlərin, panel müzakirələrinin, görüşlərin və müxtəlif maarifləndirici fəaliyyətlərin keçirilməsi nəzərdə tutulur. Layihənin həyata keçirilməsi gənclərin dövlətçilik dəyərlərinə sadiq, milli maraqları müdafiə edən və fəal vətəndaş kimi formalaşmasına töhfə verməyi hədəfləyir.