Mingəçevir Dövlət Universitetində qlobal təhsil imkanları və dayanıqlı karyera perspektivləri istiqamətində maarifləndirmə: “Xaricdə təhsil və beynəlxalq təqaüd imkanları” mövzusunda seminar

22 dekabr 2025-cı il tarixində Mingəçevir Dövlət Universitetinin Təcrübə və karyera şöbəsinin təşkilatçılığı ilə “Xaricdə təhsil və beynəlxalq təqaüd imkanları” mövzusunda seminar keçirilib.

Seminarın əsas məqsədi bakalavriat və magistratura səviyyələrində xaricdə təhsil imkanları, beynəlxalq təqaüd proqramları və müraciət prosedurları barədə tələbələrə sistemli və praktik məlumat təqdim etmək, onların keyfiyyətli və inklüziv ali təhsil imkanlarına çıxışını genişləndirmək olub. Tədbir eyni zamanda gənclərin bilik və bacarıqlarının beynəlxalq müstəvidə inkişafına, rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına və davamlı karyera perspektivlərinin gücləndirilməsinə töhfə vermək məqsədi daşıyıb.

Tədbirdə məruzəçi qismində Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsinin koordinatoru Pərviz Məmmədrzayev çıxış edib. O, magistr təhsilinin karyera inkişafında rolu, beynəlxalq akademik təcrübənin əmək bazarında üstünlükləri, qlobal əməkdaşlıq şəbəkələrinin qurulmasının fərdi və institusional inkişaf baxımından əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, xaricdə təhsil imkanları yalnız fərdi uğur deyil, eyni zamanda ölkənin intellektual potensialının gücləndirilməsinə və bilik əsaslı cəmiyyətin formalaşmasına xidmət edir.

Seminar çərçivəsində aşağıdakı mövzular müzakirə olunub:

• Türkiyə burslarına müraciət prosesi;

• Almaniyanın DAAD proqramları və universitet qəbulu arasındakı fərqlər;

• Avropa və Asiya üzrə əsas beynəlxalq təqaüd proqramları;

• Müraciət sənədlərinin (SOP, CV) peşəkar hazırlanması qaydaları.

Çıxış zamanı tələbələrə akademik nailiyyətlərlə yanaşı, sosial məsuliyyət, multikultural mühitdə adaptasiya bacarıqları və beynəlxalq əməkdaşlıq mədəniyyətinin formalaşdırılmasının vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, beynəlxalq təhsil təcrübəsi fərdlərin innovativ düşüncə tərzinin inkişafına, elmi-tədqiqat bacarıqlarının güclənməsinə və qlobal çağırışlara həssas yanaşmanın formalaşmasına şərait yaradır.

Tədbir interaktiv müzakirə formatında davam edib, iştirakçıların sualları cavablandırılıb və xaricdə təhsil almaq istəyən tələbələr üçün konkret istiqamətlər üzrə praktik tövsiyələr təqdim olunub.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin beynəlxalq mobillik imkanlarının genişləndirilməsi, onların qlobal təhsil və əmək bazarına inteqrasiyası, bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər sistemli və uzunmüddətli strategiyanın tərkib hissəsidir.