Mingəçevir Dövlət Universitetində Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə “Yağış sularının toplanması və istifadəsi” mövzusunda maarifləndirici təlim keçirilib. Təlimin keçirilməsində əsas məqsəd su ehtiyatlarının qorunması, iqlim dəyişiklikləri şəraitində alternativ su mənbələrindən səmərəli istifadə imkanları barədə iştirakçıları məlumatlandırmaq olub.
Kafedranın gənc müəllimi Gülgün İsrəfilovanın təqdimatla çıxış etdiyi təlim zamanı iştirakçılara yağış sularının toplanması və idarə olunmasının ekoloji və iqtisadi üstünlükləri haqqında geniş məlumat verilib. Bildirilib ki, qlobal iqlim dəyişiklikləri və su ehtiyatlarının azalması fonunda yağış sularının toplanması və səmərəli istifadəsi mühüm alternativ mənbələrdən biri hesab olunur.
Tədbir çərçivəsində yağış suyunun toplanma mexanizmləri, müasir sistemlərin quruluşu, filtrasiya və saxlanma üsulları, eləcə də bu suyun məişətdə, kənd təsərrüfatında və müxtəlif texniki sahələrdə istifadəsi barədə təqdimatlar edilib. Həmçinin su ehtiyatlarının qorunması, daşqın riskinin azaldılması və dayanıqlı şəhər planlaşdırılmasında yağış suyunun rolu ilə bağlı müzakirələr aparılıb.
Təlimdə iştirak edənlər praktiki hesablamalar və real nümunələr əsasında bir yaşayış sahəsində toplanan yağış suyunun potensial həcmini müəyyənləşdirmə üsulları ilə tanış olublar. Bununla yanaşı, bu sistemlərin Azərbaycanda tətbiqi imkanları və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, belə maarifləndirici tədbirlərin keçirilməsi ekoloji düşüncənin formalaşdırılması, suya qənaət mədəniyyətinin təşviqi və dayanıqlı inkişaf prinsiplərinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.