You are currently viewing Nəcəf bəy Vəzirovun “Palıd”adlı elmi əsəri ilk ekoloji tədqiqat nümunəsi kimi

Nəcəf bəy Vəzirovun “Palıd”adlı elmi əsəri ilk ekoloji tədqiqat nümunəsi kimi

Azərbaycan ədəbiyyat tarixi ilə yanaşı təbiətşünaslığında da özünə tədqiqatçı dendroloq kimi əbədiyyət qazanmış simalardan biri  Nəcəf bəy Vəzirovdur.

Hələ kiçik yaşlarından oxuyub-yazmağa, yeni biliklər öyrənməyə marağı olan Nəcəf bəy Vəzirovun inkişafında, təbiət elmlərinə marağının yaranması və formalaşmasında müəllimi Həsən Bəy Zərdabinin rolu danılmazdır. Həsən bəy Zərdabinin işıqlı fikirləri onun inkişafına güclü təsir göstərir. Dünya-rus klassik yazıçılarının əsərlərini mütaliə edərək mütərəqqi ideyalarla tanış olur. Nəcəf bəy Vəzirov gimnaziyanı bitirdən sonra Moskvadakı Petrovski – Razumovski Meşə və Təbiətşünaslıq Akademiyasında meşəçilik şöbəsində ali təhsilini davam etdirir. Burada görkəmli rus alimi K.A.Timiryazevdən dərs alır, təbiət elmlərini öyrənir, xüsusilə meşəçilik ixtisasına dərindən yiyələnir.1878-ci ildə akademiyanı müvafiq ixtisas üzrə bitirib təyinatla Qafqaza göndərilir. O, əvvəl Tərtərə, bir neçə il sonra isə İrəvan quberniyasının Dilican nahiyyəsinə, ordan isə Yelizavetpol quberniyasına yüksək dərəcəli meşəbəyi təyin olunur. İxtisası üzrə çalışdığı müddətdə Azərbaycan meşələrinə aid elmi-tədqiqat işləri aparır. Qazandığı elmi biliklərə və əldə etdiyi praktiki nəticələrə əsaslanaraq müvafiq elmi əsərlər və dərsliklər yazır. Qeyd etmək lazımdır ki, N.Vəzirova qədər Azərbaycan meşələri əsaslı şəkildə öyrənilməmişdi. Apardığı müşahidə və tədqiqatlar meşəçi-dendroloqa elmi ümumiləşdirmə üçün kifayət qədər material verir. Beləliklə, Azərbaycan meşələrinə həsr olunmuş “Palıd” adlı elmi əsərini yazır.

110 səhifədən ibarət olan bu əsərdə ölkəmizin meşələrində bitən bitkilərin növ tərkibi, meşələrimizdə geniş yayılan və ya az təsadüf olunan palıd, fistıq, tozağacı, qızılağac, qovaq, ağcaqayın, cökə, şam, küknar və s. ağacların bioloji xüsusiyyətləri, quruluşu, süni meşlərin salınması, meşə bitkilərinin çoxalma üsulları, meşənin ətraf mühitlə qarşılıqlı əlaqəsi, təsərrüfat, ekoloji və iqtisadi əhəmiyyəti haqqında məlumat verib. O, meşəçiliyin ümumi məsələlərini daha aydın şərh etmək üçün əsəri “Meşənin həyat qüvvəsi”, “Meşələrin bu cür olmamaqlarının səbəbi”, “Meşədə ictimailərin bir-birinə təsiri”, “Ağacların işığa nisbəti”, “Ağacların istiliyə nisbəti”, “Ağacların torpaqda mədəni maddələrə nisbəti”, “Ağacların cəld böyüklənməsi”, “Ağacların törəməsi” və s. kimi mövzulara ayırıb.

Azərbaycan təbiət elmləri tarixində bitkilərə elmi cəhətdən yanaşma, onların elmi qaydada adlandırılması ilk dəfə N.B.Vəzirov tərəfindən həyata keçirilib. O, haqqında bəhs etdiyi meşə ağaclarının azərbaycanca adlarının yanında rusca və latınca (bəzilərini yalnız latınca) adlarını da qeyd edib.

“Palıd” Azərbaycanda nəbatat və meşəçiliyə həsr olunmuş ilk elmi əsər kimi dəyərlidir. N.B.Vəzirov “Palıd” əsərində ayrı-ayrı bitkilərin quruluşu və bioloji xüsusiyyətlərindən, meşə bitkilərinin bir-birilə qarşılıqlı münasibətlərindən bəhs edir. Burada iqlim, işıq, rütubət, torpaq kimi xarici mühitin təsirindən misallar gətirilir, bütün məsələlər elmi əsaslarla izah edilir.

N.B.Vəzirov bitkilərin yaşayış uğrunda mübarizəsində cansız mühit amillərinin, o cümlədən işıq və torpağın rolunu xüsusi qeyd edir. Əsərdə qeyd olunub ki, qrup halında yaşayan bitkilərdən hansı qüvvətlidirsə, deməli o Günəş işığı ilə yaxşı təmin olunub, ona görə də yaxşı inkişaf edə bilir.

Müəllifin kitabda qeyd olunan ayrı-ayrı ağacların bioloji xüsusiyyətləri haqqında olan fikirləri olduqca maraqlıdır. Burada o, palıd ağacının təsərrüfat əhəmiyyətli, qiymətli material, möhkəm, davamlı olması haqqında danışarkən belə deyir: “Palıdın kökü torpağın çox dərinliklərinə getdiyinə görə, şiddətli küləklər onu torpaqdan ayıra bilmir. Ağaclar arasında palıd möhkəm və qiymətli ağacdır. Palıd hesab edilir meşənin zinəti. Onun kökü bir sajendən artıq yerə daxil olur, heç bir tufan onu kökü ilə yerdən çıxara bilmir. Qanadları qırılır, amma özü dayanır yerində”.

N.B.Vəzirov apardığı müşahidələrə əsasən bitkilərin, ağacların işığa nisbətini əsas götürüb işıqsevən və gölgəyə davamlı olmaqla iki yerə bölür. Məsələn, küknarın kölgəyədavamlı, şam ağacının isə işıqsevən bitki olduğunu bildirir.

Bitkiləri suya olan münasibətinə görə də üç yerə bölür: “biri quruluq sevən”, “biri rütubət sevən”, üçüncüsü isə “miyanə” (mülayim iqlimi xoşlayan). N.B.Vəzirov suya tələbatına görə bəzi ağacların ardıcıllıq sırasını da əsərdə göstərib.

Əsərdə torpağa ehtiyacına görə ağacları iki yerə bölür: Qidalı torpağa tələbkar və torpağa daha artıq tələbkar olanlar. O, hər birinə aid misallar gətirir. Onun fikrincə qüvvətsiz torpaqda köklərinin saçaqları çox olan bitkilər inkişaf edə bilər. Ən yaxşı torpaq isə yumşaq və dərin qidalı torpaqdır.

N.Vəzirov məhsuldarlığına görə torpaqları tiplərə ayırır: meşə torpağı, qumlu torpaq, gilli torpaq, sugilli torpaq, kirəcli mərgəlli torpaq, çürüntü torpaq. Torpağı rütubətliyinə görə isə quru (əldə bərk sıxanda dağılır), tər (ələ alıb sıxanda yapışır) və yaş (əldə sıxanda su tökülür) adlanan üç qismə ayırır.

Nəcəf bəy Vəzirovun tərtib etdiyi plan əsasında canlı və çürümüş ağacların böyüməsi, yaş və xüsusiyyətlərinin öyrənilməsi, meşə torpağının dərinliyi, rütubətliliyi əsasında ağacların təyin edilməsi, ağacların kölgəyə davamlılığının təyini və onların təsviri də mümükündür. “Palıd” elmi əsəri Azərbaycanda meşəçiliyin inkişafı üçün çox dəyərlərə malikdir.

N.B.Vəzirov keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyə ocaqlarının açılması işində də yaxından iştirak etmişdir. O, tələbələrini Azərbaycanın müxtəlif rayonlarına aparır, meşəçilik sahəsində təcrübə məşğələlərinə rəhbərlik edir, meşəçiliyə aid tədris proqramları, metodik göstərişlər və dərsliklər hazırlayırdı.

Azərbaycan təbiətinin vurğunu olan Nəcəf bəy Vəzirov işini o qədər çox sevir ki,  ölüm də onu sevimli peşəsini yerinə yetirərkən, meşəçilik üzrə təcrübə məşğələləri apararkən yaxalayır. Görkəmli nasir, dramaturq, dendroloq Nəcəf bəy Vəzirov təcrübə zamanı ürək xəstəliyindən vəfat edir.

Qeyd etməliyəm ki, indiyədək yazıçı-dendroloqun əsərləri dəfələrlə kütləvi tirajla çap edilmiş, dram əsərləri səhnələşdirilmiş, haqqında çoxlu məqalələr yazılmış, yaradıcılığı barədə elmi əsərlər, monoqrafiyalar işlənmişdir.

Qeyd edim ki, “Yaşıl Dünya naminə Həmrəylik ili”ndə yazıçı dendroloq Nəcəf bəy Vəzirovu xatırlamağı və “Palıd” əsəri haqqında araşdırma ilə məruzə etməyi özümə mənəvi borc bilib bu mövzuda tezis hazırladım. Bu işdə mənə dəstək duran elmi rəhbərim Pərvin Hüseynovaya təşəkkürümü bildirirəm.

Günel Həsənova,

MDU-nun tələbəsi

Elmi rəhbər- filologiya üzrə fəlsəfə doktoru Pərvin Hüseynova