2023-cü ilin fevralın 24-də Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin İqisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə Hoca Əhməd Yəsəvi adına VII Beynəlxalq Elmi Tədqiqatlar Konfransı işə başlayıb. Hibrid formatda təşkil edilən beynəlxalq konfransa dünyanın 20 ölkəsinin ali təhsil müəssisələri və elmi tədqiqat institutlarından akademik heyət üzvləri və alimlər qatılıb.
Əvvəlcə, qardaş Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib.
Konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov, İKSAD-ın direktoru Mustafa Latif Emek, Təşkilat komitəsinin üzvü Hakkı Çiftçi və İKSAD-ın Azərbaycan üzrə koordinatoru Əlvan Cəfərov çıxış ediblər. Çıxışlarda Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələrinin elm və təhsil sahəsində də uğurla davam etdirilməsindən məmnunluq ifadə olunub və təşkil olunan birgə elmi konfrans bunun bariz nümunələrindən biri kimi dəyərləndirilib.
Rektor Ş.Bayramov Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədlərində elm və ali təhsilin inkişafı istiqamətində mühüm vəzifələrin qarşıya qoyulduğunu vurğulayaraq, bu tipli beynəlxalq konfransların ali təhsil müəssisələrinin elmi potensialının gücləndirilməsində əhəmiyyətli rol oynadığını deyib.
Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan və Türkiyə daxil olmaqla, dünyanın 20 ölkəsinin elm və təhsil qurumları tərəfindən böyük maraq göstərilən beynəlxalq konfransa bütövlükdə 244 məqalə və tezis daxil olub. Onlayn formatda 16, offlayn formatda isə 10 olmaqla, ümumilikdə, 26 bölmə iclasının keçiriləcəyi multidisiplinar xarakterli beynəlxalq konfrans çərçivəsində müxtəlif elm sahələrini əhatə edən aktual mövzularda məruzələrin təqdim ediləcəyi və müzakirələrin aparılacağı qeyd edilib. Konfransın yeni elmi əməkdaşlıqların yaradılması baxımından əlverişli platforma olduğu bildirilərək beynəlxalq səviyyəli bu elmi tədbirin təşkilində əməyi olanlara minnətdarlıq ifadə olunub və iştirakçılara uğurlar arzulanıb.
Sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarının proqramı təhsil və elmi-tədqiqat fəaliyyətləri ilə bağlı milli və beynəlxalq təcrübələr, elm və təhsil sahəsində innovasiyaların tətbiqi, dördüncü sənaye inqilabı və texnoloji inkişaf, rəqəmsal transformasiya, dayanıqlı inkişaf və digər aktual istiqamətlərdə mövzuları əhatə edir.
Qeyd edək ki, MDU-nun evsahibliyi və birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans fevralın 25-dək davam edəcək.