MDU-da Zəfər Gününə həsr olunan mühazirə keçirilib

2024-cü ilin noyabr ayının 4-də  Mingəçevir Dövlət Universitetinin (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə “Milli istiqlalımızı bərqərar etmiş şanlı tarix”  mövzusunda mühazirə keçirilib. Universitetin kiçik akt zalında keçirilən mühazirədə MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib. Mühazirədə giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyərək, şəhidlərin müqəddəs ruhu və şəhid analarının, şəhid ailə üzvlərinin qarşısında ehtiramla baş əyərək salamladı. Bu günlərdə böyük təntənə ilə qeyd etdiyimiz Zəfər Gününün ildönümü münasibəti ilə “Zəfərimiz mübarək!”- dedi. Daha sonra o vurğuladı ki, hər bir xalqın milli tarixində, yaddaşında və təfəkküründə böyük əhəmiyyət kəsb edən elə hadisələr var ki, onlar xalqın, millətin davamlı inkişafında güclü enerji mənbəyidirlər. Daim tərəqqiyə can atan xalq öz mənəvi gücünü məhz bu mənbədən alır.

2020-ci il noyabr ayının 8-də müqəddəs şəhidlərimizin və qazilərimizin qanı və canı bahasına Şuşa şəhərinin işğaldan azad edilməsi də müasir milli tariximizə və ümumdünya hərb tarixinə qızıl hərflərlə yazılmış bu hadisələrdən oldu. 28 il qəribsəmiş Xarı bülbülün pərişan ləçəkləri başlarını qaldırdı. Gövhər ağanın ruhu yuxarı Gövhər ağa məscidinin mehrabına enərək orada hüzur tapdı. Cıdır düzü və İsa bulağı yenidən canlandı. Beləliklə, müasir milli tariximizdə “Şuşa” adı, “qəhrəmanlıq” və “zəfər” kimi anlayışlar igidliyin və qələbənin simvoluna çevrildi.

Ulu öndər Heydər Əliyevin ideyalarından  bəhrələnərək, Azərbaycan Əliyevin rəhbərliyi altında xalq “Dəmir yumruq” kimi birləşərək müqəddəs torpaqlarımızı, məscidlərimizi, ocaqlarımızı murdarlamış və yurdlarımızı viran qoymuş düşmənin başına endi. Tarixi həqiqətlərin gənclərə aşılanmasının tələbələrin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını diqqətə çatdıran E.Cəfərova təşkil edilmiş mühazirənin əhəmiyyətini vurğulayıb. Sonra, Humanitar fənlər kafedrasının baş müəllimi İlham Məmmədov məruzə ilə çıxış edib. Məruzədə tarixən zaman-zaman torpaqlarımızın Ermənistan tərəfindən zəbt edilməsindən, bir milyondan çox azərbaycanlının öz dədə-baba yurdundan didərgin salınmasından, qaçqın-köçkün həyatı yaşamaq məcburiyyətində qoyulmasından və bütün bunların sivil dünyanın gözü qarşısında baş verməsindən, dövlətlərin ərazi bütövlüyünün pozulmasının yolverilməzliyi ilə bağlı beynəlxalq konvensiyaların kobud şəkildə tapdalanmasından, həmin sənədləri qəbul edən təşkilatların susqunluq, laqeydlik, biganəlik nümayiş etdirmələrindən ermənilərin əsassız torpaq iddialarından və təcavüzkarlıq siyasətlərindən, erməni terrorçuluğu və vandalizminin faciəvi nəticələrindən, 44 günlük Vətən müharibəsindən,  Prezident İlham Əliyevin beynəlxalq hüquqa söykənərək vasitəçilərin təmin edə bilmədiyi ədaləti müharibədə Ermənistanı məğlub edərək bərpa etməsindən,  tarixi Zəfərin qazanılmasını şərtləndirən digər əsas amillərdən, post-müharibə dövründə regionda yaranan yeni geosiyasi reallıqlardan, Böyük Qayıdış proqramından, Qarabağda 24 saatdan az bir müddətdə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam təmin olunmasından və digər məsələlərdən bəhs edilib.