2025-ci il 17 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) 2020-ci ildə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış məzunu Yusif Cəfərovun ailəsi və Şirvan şəhərində yerləşən məzarı ziyarət edilib.
MDU-nun sosial məsələlər üzrə rektor müşaviri Elvin Məmmədzadənin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə şəhidin anası Gülbəniz xanımı ziyarət edib, onunla xatirələrini bölüşüb və universitet rəhbərliyinin dərin hörmət və ehtiramını çatdırıb. Daha sonra Y. Cəfərovun Şirvan şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub, gül dəstələri qoyulub, dualar oxunub və onun əziz xatirəsi böyük ehtiramla yad edilib.
Yusif Cəfərovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, müvafiq strukturlara və MDU kollektivinə təşəkkürlərini bildiriblər.
Yusif Cəfərov 1996-cı ilin aprel ayında Şirvan şəhərində anadan olmuş, Mingəçevir Dövlət Universitetində ali təhsilini uğurla başa vurmuş və Vətən müharibəsi zamanı igidliklə döyüşərək şəhidlik zirvəsinə ucalmışdır.
Qeyd edək ki, şəhid ailələrinin ziyarəti hər birimizin mənəvi borcudur. Hər bir şəhid ailəsi azadlığımız və müstəqilliyimiz uğrunda verilmiş ən böyük qurbanın daşıyıcısıdır. Onlara göstərilən diqqət və qayğı dövlətimizin gücünü və sabitliyini, vətəndaşlarımızın həmrəyliyinin təcəssümünü nümayiş etdirir. Şəhid ailələrinə hörmət və qayğı göstərilməsi isə gələcək nəsillərə vətənpərvərlik və milli dəyərlərin ötürülməsi üçün mühüm nümunədir. Bu məqsədlə MDU kollektivi tərəfindən şəhid məzunların timsalında bütün şəhidlərin məzarları və ailələri daim ziyarət edilir, onların qəhrəmanlıqları gənclər arasında təbliğ olunur.