2022-ci ilin 19 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Energetiklər Gününə həsr edilmiş elmi-praktiki konfrans keçirilib. Konfransda “Azərbaycan İES” MMC və Mingəçevir Regional Elektrik Şəbəkəsi (REŞ) MMC-nin rəhbər və mütəxəssis əməkdaşları, MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.
Konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov Energetiklər Günü münasibətilə bu sahədə fəaliyyət göstərən tərəfdaş qurumların əməkdaşlarını, universitetin Energetika kafedrasının kollektiv üzvlərini və müvafiq ixtisasda təhsil alan tələbələrini təbrik edib. Azərbaycanda energetika sisteminin formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edən rektor Möhtərəm Prezidentimiz tərəfindən bu sahənin inkişafına yüksək diqqət və qayğı göstərildiyini qeyd edib. MDU-da energetika təhsilinə xüsusi önəm verildiyini vurğulayan Ş.Bayramov bu istiqamətdə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsində və nəzəri biliklərin praktiki bacarıqlarla gücləndirilməsində energetika müəssisələri ilə əməkdaşlığın vacibliyini və birgə fəaliyyətlərin əhəmiyyətini diqqətə çatdırıb.
Konfrans iştirakçılarını salamlayan “Azərbaycan İES” MMC -nin direktoru Təhmasib Hüseynov peşə bayramında MDU-nun tələbə və müəllim kollektivi üzvləri ilə bir arada olmaqdan məmnunluğunu ifadə edib və göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkür edib. Yeni texnologiyaların energetika sahəsində tətbiqindən söhbət açan direktor hazırda müasir bilik və bacarıqlara sahib kadrlara böyük ehtiyac duyulduğunu vurğulayıb. Energetika mühəndislərini hazırlayan MDU ilə son dövrdə həyata keçirilən işbirliyindən danışan T.Hüseynov bu ali təhsil müəssisəsinin məzunlarından razı qaldıqlarını vurğulayıb və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə daim hazır olduqlarını bildirib.
Konfransın açılışında çıxış edən Mingəçevir REŞ MMC-nin baş mühəndisi Rövşən Mustafayev Energetika Gününü gələcəyin energetikləri və onları yetişdirən professor-müəllim heyəti ilə birlikdə qeyd etməkdən məmnun olduğunu bildirib. Respublikamızın enerji sisteminin müasir tələblər səviyyəsində yenidən qurulduğunu diqqətə çatdıran baş mühəndis hazırda energetika təhsili sahəsində kadr hazırlığından başlıca gözləntiləri diqqətə çatdırıb.
Daha sonra, MDU-nun əməkdaşlarından Ülkər Aşurova “Azərbaycanda energetikanın inkişafında Heydər Əliyevin rolu”, Səadət Şıxəliyeva “Elektrik enerjisi sənayesində enerjiyə qənaət edən innovativ texnologiyalar”, Liliya Süleymanova “Azad olunmuş torpaqlar yaşıl enerji zolağına çevrilməlidir”, Alim Nəcəfov “Müasir elektrik stansiyalarında eleqaz açarlarının tətbiqi” və Əbülfət Ədilov “Azərbaycanın su ehtiyatları və su resurslarından energetika sahəsində istifadə” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb. Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədrisin məzmununun təkmilləşdirilməsi və nəticəyönümlü tədqiqatların səmərəliliyinin artırılması məqsədilə sənayedən olan tərəfdaş qurumlarla ortaq tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verilir.