Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu, Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsinin ali təhsil müəssisələrində intitusional səviyyədə davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi məqsədi daşıyan 4-cü iş paketinin icrasına başlanılıb. İş paketi çərçivəsində sahibkarlığın inkişaf etdirilməsinə dair faəliyyətlərin ali təhsil müəssisələrinin inkişaf strategiyalarına inteqrasiyası, sahə üzrə akademik kadrların təlimi, sahibkarlığın seçmə fənn olaraq ixtisas profilindən asılı olmadan bütün ixtisaslarda tədrisi məsələlərinin təşkili, sahibkarlığın konsepsiyası, sahibkarlığın maliyyələşdirilməsi və sosial sahibkarlıq kimi mövzular üzrə 4 regionda (Bakı, Gəncə, Naxçıvan və Mingəçevir) təlimlər təşkil olunacaqdır. Həmçinin qadın sahibkarlığın gücləndirilməsi üçün xüsusi təlimlərin təşkil edilməsi və bu təlimlərlə ən azı 500 tələbənin cəlb olunması nəzərdə tutulur.
4-cü fəaliyyət planı çərçivəsində tərəfdaş universitetlərin sahibkarlıq üzrə professor-müəllim heyəti üçün “Ali təhsilin inkişaf etdirilməsi” adlı təlim proqramı 27 may 2024-cü il tarixində İsveçin Kral Texnilogiya Universitetində öz işinə başlayıb. 27-31 may tarixlərini əhatə edən işgüzar səfərdə layihə konsorsiumunun üzvü olan 11 Azərbaycan ali təhsil müəssisəsinin nümayəndələri iştirak etməkdədir. Belə ki, 5 günlük təlim proqramı çərçivəsində iştirakçılar təşkilati inkişafın gücləndirilməsində həm təşkilati, həm də fənn səviyyəsində təhsilin keyfiyyətini artırılması strategiyaları, təhsil keyfiyyətini yüksəltmək üçün səmərəli keyfiyyət təminatı proseslərinin həyata keçirilməsi, akademik heyətin təcrübələrini və tədris bacarıqlarını inkişaf etdirmək üçün təlim və dəstək xidmətlərinin vacibliyi, davamlı inkişaf məqsədlərinin və sahibkarlıq bacarıqlarının təhsilə inteqrasiyası, problem əsaslı öyrənmə imkanlarını artırmaq və təhsil xidmətlərini daha əlçatan etmək məqsədilə rəqəmsal texnologiyalardan istifadə, tələbələrin peşə bacarıqlarının inkişaf etdirilməsi üçün səmərəli və effektiv tədris təcrübələrindən istifadə etməklə təlim nəticələrinin təkmilləşdirilməsi metodlarının araşdırılması kimi mühüm mövzularda təqdimatlarla tanış olmaqla müzakirələr aparacaq və komanda işləri təqdim edəcəklər.
Proqrama uyğun olaraq təlimlərin yekununda iştirakçılar KTH Universiteti tərəfindən sertifikatlarla təltif olunacaqlar.