2024-cü ilin 26 aprelində Mingəçevir Dövlət Universitetində (MDU) “Əsrin müqaviləsi”nin 30 illiyinə həsr edilmiş “Əsrin müqaviləsi” – Azərbaycanın davamlı inkişafının təməlidir” mövzusunda dəyirmi masa keçirilib. MDU-nun Sənayenin təşkili və idarəetmə və İqtisadiyyat kafedralarının birgə təşkilatçılığı ilə keçirilən görüşdə universitetin bir qrup akademik və inzibati heyət üzvü iştirak edib.
Tədbiri giriş sözü ilə açan Sənayenin təşkili və idarəetmə kafedrasının müdiri, dosent Emiliya Hüseynova bildirib ki, “Əsrin müqaviləsi”nin imzalandığı tarix ilə müstəqil dövlətimizin neft strategiyasının əsası qoyulub. 1994-cü il sentyabrın 20-də ölkəmizdə imzalanan bu saziş yalnız Azərbaycanın iqtisadiyyatı və enerji sektoru üçün deyil, bütövlükdə dünyanın enerji siyasəti üçün çox böyük əhəmiyyət kəsb edir. Tarixi əhəmiyyətli müqavilənin imzalanmasının ulu öndər Heydər Əliyevin böyük dühasının və iradəsinin sayəsində mümkün olduğunu qeyd edən E.Hüseynova neft strategiyasının qazandırdığı dividentlər sayəsində Azərbaycanın müasirləşdiyini, yeniləndiyini, gücləndiyini, iqtisadi inkişafının təmin edildiyini və ən əsası əhalinin yaşayış səviyyəsinin daha da yüksəldiyini vurğulayıb.
Mövzu ilə əlaqədar videoçarx nümayiş edildikdən sonra məruzələr dinlənilib.
MDU-nun Sənayenin təşkili və idarəetmə kafedrasının baş müəllimi Zaur Rəsulov “Əsrin müqaviləsi”nin Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında rolu”, İqtisadiyyat kafedrasının baş müəllimi, i.f.d. Məlahət Rəhimova “Əsrin müqaviləsi” – ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinin əsası kimi“, Mexanika kafedrasının dosenti Vüqar Mustafayev “Əsrin müqaviləsi”nin Azərbaycanda neft maşınqayırmasının inkişafına təsiri” mövzularında çıxış ediblər. Çıxışlarda həm regionda, həm dünya birliyində Azərbaycanın siyasi mövqeyinin möhkəmlənməsi, nüfuzunun artması, beynəlxalq aləmdə yer tutmasında mühüm rolu olan “Əsrin müqaviləsi” dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri kimi dəyərləndirilib. Bildirilib ki, bu qlobal layihənin həyata keçməsi ilə Azərbaycan suveren bir dövlət kimi öz təbii sərvətlərinə sahib çıxaraq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə edib.
Məruzələr dinlənildikdən sonra müzakirələr aparılıb. MDU-nun akademik heyət üzvlərindən Saqib Məmmədov, Arif Tağıyev, Nüşabə Qədimli, Mahir İsmaıylov və Qazi Universitetitinin MDU-da fəaliyyət göstərən qonaq professoru Cemal Yılmaz mövzu ilə bağlı fikirlərini bölüşüblər. Onlar əsas diqqəti neft gəlirlərinin səmərəli istifadəsinə, həyata keçirilən sosial-iqtisadi layihələrə yönəldərək, “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycanda sabitlik və təhlükəsizliyin təmin edilməsinin regional deyil, qlobal bir məsələyə çevrilməsindən bəhs ediblər. Həmçinin Azərbaycanın iqtisadi potensialının ən vacib komponenti olan neft amilinin düzgün idarə edilməsinin 44 günlük Vətən müharibəsində Qələbənin qazanılmasına göstərdiyi təsirindən danışıblar. Bildirilib ki, Heydər Əliyevin layiqli davamçısı olan Ali Baş Komandan İlham Əliyev tərəfindən hazırda uğurla davam etdirilən neft strategiyası sayəsində Azərbaycan Respublikası hərtərəfli inkişaf edir və bir çox sferalarda nailiyyətlər qazanmaqdadır.