2022-ci ilin 23 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinin təşkilatçılığı ilə “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda maarifləndirici seminar keçirilib. Seminarda universitetin tələbələri və magistrantları iştirak ediblər.
Əsas məqsəd müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə hallar zamanı müvafiq davranış və təhlükəsizlik qaydaları barədə tələb gənclərin məlumatlandırılması olmuşdur.
Seminarda giriş sözü ilə çıxış edən MDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Ariz Abbasov fövqəladə hallarda həyat təhlükəsizliyinin qaydalarını bilməyin vacibliyini qeyd edib, seminarın əhəmiyyətini vurğulayıb və təşkilatçılara təşəkkürünü bildirib.
Sonra, FHN-in Aran Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi, mayor Elşən Bəşirov “Fövqəladə Hallar Nazirliyinin və Nazirliyin Aran Regional Mərkəzinin fəaliyyəti”, Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, kapitan Vüqar İbrahimli “Təbii və texnogen mənşəli fövqaladə hallar”, Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi, polkovnik-leytenant Xəqani Əliyev “Fövqəladə hal nədir? Fövqəladə hallar zamanı davranış qaydaları” və MDU-nun müəllimi İlham Məmmədov “Mina təhlükəsizliyi” mövzusunda çıxış ediblər.
Məruzələr ətrafında aparılan müzakirələrdən sonra seminarın praktiki hissəsi Mingəçevir SES-in sığınacağında davam etdirilib.
Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin fövqəladə hallarda mülki müdafiə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq maarifləndirici tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.